Məhkəmə qərarları › İş №8(005)-202/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-202/2023

28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-202/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun qərarından məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 251/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən borclu X3 tələbkar "xxxx" ASC-nin xeyrinə ümumilikdə 16664,60 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyatı üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin qeyd olunan icra sənədi borclu tərəfindən bu günədək icra edilməmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Nərimanov rayon İcra şöbəsinə icra sənədinin nəticəsi barədə rəsmi məlumat verilməsinə dair müraciət ünvanlanmış, müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixdə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı rəsmi qaydada "xxxx" ASC-yə təqdim edilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X5 həmin icra sənədini icra etməmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclu X4 icra sənədində göstərilən qeydiyyat ünvanında olmuş, ünvanda olan zaman tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Bu səbəbdən icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(034)- 74/2020 saylı qətnaməsi 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 manat borcun cavabdeh X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması, eləcə də 30 manat dövlət rüsumunun ondan tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, X2 aid hissədə iddianın təmin edilməməsi, qətnamə cavabdeh X3 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (borclunun hər hansı əmlakının və ya qiymətli əşyasının yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri icra hərəkətləri və s.) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar