Məhkəmə qərarları › İş №8(005)-211/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-211/2024

01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-211/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən və qiymətləndirmə barədə hesabatlarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən və qiymətləndirmə barədə hesabatlarından məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin İcra məmuru Elzamin İsayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərarının ləğv edilməsi, Nərimanov rayon İcra şöbəsinin 2298e139167/2023-15-24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktub əsasında ona məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair müvafiq olaraq "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatı və "xxxx" MMC-nin 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi barədə Hesabatlarının etibarsız hesab edilməsi barədə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Tələbkar iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X8 və X1 onun xeyrinə 117000 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4721/23 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən işə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-346/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərar qəbul edilmiş, icra tədbirlərinin həyata keçirilməsi məqsədilə Nərimanov rayon İcra Şöbəsinin 2298e139167/2023-15-24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatından görünür ki, ona məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 739250 manat təşkil edir. "xxxx" MMC-nin 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatından görünür ki, ona məxsus Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 202950 manat təşkil edir. Verilmiş mütəxəssis rəyləri qərəzli olmaqla mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə bağlı bazar qiymətini əks etdirmir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq şikayət ərizəsinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini və şikayətdə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatdan görünür ki, X6 məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 739250 manat təşkil edir; "xxxx" MMC-nin 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatından görünür ki, X6 məxsus Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 202950 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-346/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4721/23 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X8nun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4721/23 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. "xxxx" MMC-nin 01/24-253 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 798500 manat təşkil edir; "xxxx" MMC-nin 01/24-252 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar qiyməti 243500 manat təşkil edir; Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar tələb Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmişdir. İcra məmuru tərəfindən icra tədbirlərinin həyata keçirilməsi məqsədilə, yəni əmlakların açıq hərracda satılması məqsədi ilə Nərimanov rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən əmlakların qiymətləndirilməsini həyata keçirilməsi üçün "xxxx" MMC-yə sifariş göndərilmişdir. "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 739250 manat və 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 202950 manat müəyyən edilmişdir. Hazırda borclu əmlakların dəyərinin az müəyyən edilməsini iddia edərək, həmin qiymətləndirmə hesabatlarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə ilk növbədə şikayət ərizəsinin “Nərimanov rayon İcra şöbəsinin İcra məmuru Elzamin İsayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərarının ləğv edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından aydın olur ki, icra məmuru qanunvericiliyin tələblərini rəhbər tutaraq qanunla müəyyən olunmuş qaydada icra sənədini qərar qəbul edərək icraatına qəbul etmişdir. Şikayətçi tərəfindən həmin qərarın ləğv edilməsi üçün əsas olacaq hər hansı sübut və ya əsaslandırma təqdim edilməmiş, qeyd edilən qərarın ləğv edilməsinin xahişi ilə kifayətlənmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə şikayətə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, şikayət “"xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatı və "xxxx" MMC-nin 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi barədə Hesabatlarının etibarsız hesab edilməsi” hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 739250 manat və 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 202950 manat müəyyən edilmişdir. Borclu tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 01/24-253 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 798500 manat və "xxxx" MMC-nin 01/24-252 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatına əsasən Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 243500 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş əmlaklara dair qiymətləndirmə barədə hesablar arasında əmlakların dəyərində əhəmiyyətli dərəcədə fərq aşkar olunmur. Bundan başqa "xxxx" MMC-nin hesabatında tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiymət yox, əmlakların bazar dəyəri müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə bircalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir; Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur; 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə bircaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir; 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən və qiymətləndirmə barədə hesabatlarından X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-269-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən və qiymətləndirmə barədə hesabatlarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar