Məhkəmə qərarları › İş №8(005)-213/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-213/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-213/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi və vəkili X2, Borclu iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,80 kv.m. olan mənzil, ünvan 2 ünvanda yerləşən bağ sahəsi və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 15288 manat borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi və vəkili X4 bildirmişdir ki, qətnamə qanuni qüvvəyə minmişdir və elektron informasiya sistemində daşınmaz əşyalar borclunun mülkiyyətində görsənir. Bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu qeyd edilən əmlakların hazırda onun mülkiyyətində olmadığını, X1 mülkiyyətində olduğunu bildirmiş və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada icra məmuru xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinin surətindən görünür ki, qətnamə ilə qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3.027 manat və yararsız vəziyyətə düşən əmlakların dəyərinin əvəzi kimi 12.261 manat olmaqla, cəmi 15.288 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkarnə ödənilməsi qət edilmişdir; İcraata başlamaq haqqında qərar və bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, 19 saylı mənzil, ünvan 2 ünvanda yerləşən bağ sahəsi və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsi mövcuddur; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən bağ sahəsi X1 adına xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, 19 saylı mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 M5, m3) X1 adına xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsi X1 adına xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, 19 saylı mənzilin, ünvan 2 ünvanda yerləşən bağ sahəsinin və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsinin olması müəyyən edilmişdir. Borclunun həmin əmlakların onun adına olmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, icra məmuru və məhkəmə tərəfindən elektron bazadan əldə edilmiş məlumata əsasən üzərinə həbs qoyulması xahiş edilən daşınmaz əşyalar borclunun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, həmin əmlaklar sonradan başqa şəxsin adına keçirilmiş olsa belə, məhkəmə qərarlarının icrasının səmərəliliyinin təmin edilməsi məqsədilə, mövcud vəziyyətdə təqdimat təmin edilməlidir. Əks hal məhkəmə qərarlarının icrası sahəsində təxirəsalınmaz icra tədbirlərinin həyata keçirilməsinə maneçilik yarada bilər. Həmçinin məhkəmə qeyd edir ki, üzərinə həbs qoyulması xahiş edilən əmlaklar iddia tələbi həcmindən dəfələrlə artıq olsa da, həmin əmlakların borclunun adında olub-olmaması ilə bağlı mübahisəli məqam mövcud olduğundan, təqdimat hər üç əmlaka münasibətdə təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, 19 saylı mənzil, ünvan 2 ünvanda yerləşən bağ sahəsi və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, 19 saylı mənzil, ünvan 2 ünvanda yerləşən bağ sahəsi və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar