Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-224/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tələbkar, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki vaxta maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun onun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının dəyişdirilərək, 10000 ABŞ dolları məbləğində borcun 6 ay ərzində hər ay 3000 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 10000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat məbləğində tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Tələbkar ərizəyə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borc məbləğinin hissə-hissə ödənilməsi barədə ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır, əsassız olduğundan təmin edilməməlidir. X5 10 noyabr 2021-ci il tarixdə ondan “Range Rover sport” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada alqı-satqı yolu ilə 59.500 ABŞ dolları məbləğində almışdır. Sonradan öyrənmişdir ki, cavabdeh E.Ə.Nəcəfov “Range Rover”in başqa bir modelini seçib özü üçün almışdır. Ərizəçi avtomobili adına rəsmləşdirərkən bütün əməliyyatlar X4 istək və arzusu ilə həyata keçirilib və ondan avtomobili alandan sonra avtomobili 200.000 manata lizinq yolu ilə satmışdır. Bununla bağlı məhkəmə işində materiallar vardır. (005)1399/2022 saylı icra sənədi üzrə X1 adında külli miqdar məbləğində daşınar və daşınmaz əmlaklar var. Borclunun özü də “Nəbz” klinikasının direktorudur. Borcu ödəməyə yetərincə imkanı vardır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil ərizəyə müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1399/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 tərəfindən 10000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 15.3-cü maddəsinə görə, məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəhzərə almalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsini xahiş edən şəxsin təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı, məhkəmə aktının real icrasını təmin etməli və tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər ("Burdov Rusiyaya qarşı”,2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəməyə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi icra edilmədiyini, borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının xeyli müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun pozulacağını, ən başlıcası borclunun əmlak vəziyyətini və ödəmə qabiliyyətini, tələbkarın mənafeyini və etirazını nəzərə alaraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-224/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-224/2023
01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver