Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-226/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə məhkəmənin inzibati binasında (Bakı, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarxli cavab məktubuna istinadən Nərimanov rayon icra Şöbəsinin rəisi Rəşad Abbasov və İcra Məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilsin və Nərimanov rayon Məhkəməsinin 2(005)- 414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə həbs qoyulmuş avtomobillərin hərracda satışından əldə edilən vəsaitdən ilkin olaraq X2 tələblərinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayəti müdafiə edərək onun təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tələbkarı dinləyərək, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. - 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. - 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. - 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. - 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması, vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan qanun normalarına əsasən müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün hər bir iş, tapşırıq üzrə order təqdim etməsi zəruridir. Hazırki iş üzrə şikayət – tələbkarın vəkili və nümayəndəsi kimi Vəkil tərəfindən ümumi qaydada əl imzası ilə imzalanmaqla dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmişdir. Lakin sonuncunun hazırki iş üzrə X1nun vəkili olmasına, habelə imza səlahiyyətlərinin olmasına dair mötəbər sənəd vəkil orderi ərizəyə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli vəkil orderi isə Vəkil X1nu Bakı Apellyasiya Məhkəməsində qərardaddan şikayətlə bağlı hüquqlarının müdafiəsi ilə bağlıdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini tətbiq edərək bildirir ki, hazırda həmin iş materialları üzrə Azərbaycan Respublikası qanunvericiliyə əsasən təmin edilməsi nəzərdə tutulmuş məhkəmədə təmsilçilik hüququ düzgün ötürülməmişdir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayəti imzalayan şəxsin - Vəkil şikayətə imzalamaqda səlahiyyətli şəxs olmasını təsdiq edən sənədlər qanunvericiliklə tələb olunan tam həcmdə şikayətə əlavə edilmədiyindən şikayət baxılmamış saxlanılmalı, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 13, 259.0.3, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayəti baxılmamış saxlanılsın, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-226/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-226/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver