Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-229/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarına Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin borclu X8 tərəfindən boşaldılaraq tələbkarlar X6 və X3 təhvil verilməsinə maneə yaradan həmin mənzilin ayrılmaz hissələri olan X4 mülkiyyətində olan zirzəmi və X7 icazə verilmiş artırılmış sahə ilə bağlı qarşıya çıxmış problemlərin mövcud olduğu vəziyyətdə qətnamənin hansı qaydada icra edilməsinə aydınlıq gətirilməsi ilə bağlı izah verilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili borclu X8 tərəfindən boşaldılaraq tələbkarlar X6 və X3 təhvil verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, bildiriş rəsmi qaydada borclu tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şöbəyə çağırılmış, mübahisəli ünvana baxış keçirilmiş, eyni zamanda borclu tərəfindən sənədlər təqdim edilmiş, araşdırma zamanı boşaldılmalı olan sahənin giriş hissəsinə daxil olan kimi həmin sahənin mərkəzindən qapısız və başqa girişi olmayan zirzəminin açıldığı, zirzəmiyə gedən yolda pilləkən yerləşdirildiyi, zirzəminin X4 mülkiyyətində olduğu, bununla bağlı çıxarış və texniki pasportun mövcud olduğu (ərizəyə əlavə olunur), mübahisəli sahənin bir tərəfinin divar hissəsinin olmadığı, həmin hissədən daha bir sahənin açıldığı, həmin sahənin qeyri-yaşayış sahəsi kimi borclunun istifadəsinə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının mövcud olduğu, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarında, eyni zamanda həmin qərarın qüvvədə qalması barədə qətnamə qəbul etmiş apellyasiya instansiyası məhkəməsinin qərarında zirzəminin və artırılmış hissənin mövcud olduğu qeyd edilsə də mübahisəli məqamlara həm təsviri, həm də nəticəvi hissələrdə münasibət bildirilmədiyi müəyyən olunmuşdur. X5 və X2 mülkiyyətində olan mübahisəli sahənin, X4 mülkiyyətində olan zirzəminin və X7 icazə verilmiş artırılmış sahənin birbirindən ayrılmaz olduğu məlum olmuş, mübahisəli sahələrin fotoşəkilləri çəkilmiş (ərizəyə əlavə olunur), məhkəmə qərarının icrasında çətinliklər yarandığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə qərarına izah verilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov bildirmişdir ki, icra sənədinin icrası mümkün olmadığı üçün qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəsini, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili borclu X8 tərəfindən boşaldılaraq tələbkarlar X6 və X3 təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin izah verilməyi tənzimləyən 230-cu maddəsi qətnaməyə izah verilməsini nəzərdə tutur. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-230.3-cü maddələrinə görə, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə bağlıdır. Qətnamənin izah edilməsi hüquqi terminlərdən yerində istifadə edilməməsi və qrammatik cəhətdən fikrin aydın çatdırılmaması ilə əlaqədar olur. Qətnamənin giriş təsviri və əsaslandırıcı hissəsinin nəticə hissəsinə uyğun olmaması hallarında həmin qüsuru qətnaməni izah etmək yolu ilə aradan qaldırmaq olmaz. Hazırda icra işi üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzildən zirvəmiyə giriş olması müəyyən olunmuş, zirzəmiyə gedən pilləkən yerləşdiyi aşkar edilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzildə zirvəmiyə girişin olması icra sənədinin icrasına mane ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Məhkəmə onu da qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilsin. (Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin borclu X8 tərəfindən boşaldılaraq tələbkarlar X6 və X3 təhvil verilməsi zirzəmi girişinin yerindən, artırılmış sahədən asılı olmayaraq təmin olunsun.) Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №8(005)-229/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-229/2022
10.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver