Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-230/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3956/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Nərimanov rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. Dəfələrlə onunla əlaqə saxlamalarına baxmayaraq icra şöbəsinə gəlməkdən yayınmış və eyni zamanda icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, borclu alimenti vaxtlıvaxtında ödəmir. Hər dəfə icra şöbəsinə şikayət etmək məcburiyyətində qalır. Bu səbəbdən təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, alimenti vaxtlı-vaxtında ödəyir. Sadəcə 440 manat ödənilməmiş aliment qalır və onun ödəmə vaxtı ayın 15-nə qədərdir. Onu da ödəyəcək. Təqdimatın təmin edilməməsini xahiş edir. İcra məmuruna məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsaslar olduğundan təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3956/2023 saylı icra vərəqəsinə əsasən qətnamə ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 hər birinə münasibətdə, onların cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verildiyi vaxtdan hesablanması qət edilmişdir; - Nərimanov Rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3956/2023- 015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “borclunun məcburi qaydada gətirilməsi barədə” qərarının surətindən görünür ki, Borclu Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3956/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3956/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-230/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-230/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver