Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-240/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4597/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4597/2019 saylı qətnaməsinin icrasına 1 il möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar X7 və X15 cavabdeh X8 qarşı üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara cavabdeh X12 və üçüncü şəxs X2 tərəfindən icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, icarə müqaviləsinin əsassız olaraq ləğv edilməsi səbəbi ilə dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(005)-4597/ 2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilərək, cavabdehin iddiaçılara təhvil verməkdən imtina etdiyi Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli 2(103)-1583/ 2019 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 42.656 manat pulun cavabdeh X5 tutularaq iddiaçılar X9ma və X13 ödənilməsi, 45 manat dövlət rüsumunun cavabdehdən iddiaçılara geri ödənilməsi və hüquqi yardım üçün ödənilən 500 manatın, cəmi 43.201 manat pulun cavabdehdən iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-254/ 2021 saylı qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(005)-4597/ 2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edərək, cavabdeh X5 iddiaçılar X3 və X11 xeyrinə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2( 103)-1583/2019 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 1.187 manat məbləğində pulun tutulması, cavabdeh X5 iddiaçılar X4 və X11 xeyrinə 90 qəpik dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hal hazırda işləmədiyinə, maddi vəziyyətinin ağır olduğuna görə 1.187 manat məbləğində pulu iddiaçıya ödəmək iqtidarında deyil. Tələbkara, borcluya və icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli Plenumunun Qərarına əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4597/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4597/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-240/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-240/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver