Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-258/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil, Borclu Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından məhkəməyə şikayət ərizəsi verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında xx.xx.2025-cu il tarixli qərarının ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra işinin yenidən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmri ləğv edilərək, onun Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin qeyd edilən qətnaməsinə icra sənədi verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qətnamədən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək, qeyd edilən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ünvanına xx.xx.2024-cü il tarixli, К/М-104 №-li əmr göndərilərək onun işə bərpa olunduğu bildirilmişdir. Tərəfindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məktub göndərilərək, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5657/2024 saylı, 11 oktyabr 2024cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmədiyi üçün, xx.xx.2024-cü il tarixdə mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra olunması xahiş olunaraq, Goranboy Rayon Peşə Məktəbinin ona təhvil verilməsinin təmin olunması xahiş olunmuşdur. Dəfələrlə müraciət etsə də, qətnamə tam icra olunmamış, Goranboy Rayon Peşə Məktəbinin möhürü, müvafiq sənədlər və avadanlıqları ona təhvil verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunmasının təmin olunması xahiş olunmuşdur. Lakin bu günədək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunmamışdır. Borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə məktub göndərərək icra sənədinin icra olunduğunu bildirsə də, Goranboy Rayon Peşə Məktəbi qanunvericiliklə müəyyən olunmuş qaydada ona təhvil verilməmişdir. Bu barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə müraciət edərək, məktəbin rəsmi qaydada ona təhvil verilməsinin təmin olunmasını xahiş etsə də, icra məmuru qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmiş, qanunsuz olaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi etiraz ərizəsi təqdim edərək, şikayətin əsassız hesab edilməklə təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən tam icra edilmişdir. Məhkəmə qərarlarının tələblərinə uyğun olaraq, iddiaçı E.Abışov 2024-cü il 21 oktyabr tarixli KM/104 nömrəli Əmrlə 2024-cü il 07 noyabr tarixindən Əmək və Məşğulluq altsistemində müvafiq düzəliş edilərək öz əvvəlki vəzifəsinə bərpa edilmişdir. Bununla yanaşı, işçinin məcburi işburaxma dövrü üçün hesablanan əməkhaqqı tam həcmdə ona ödənilmişdir. (Qoşma 1 və 2) Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən E. Abışovun faktiki olaraq işinə başlaması üçün dəfələrlə yazılı çağırış məktubları göndərilmiş və onunla əlaqə saxlamaq üçün bütün zəruri cəhdlər göstərilmişdir. (Qoşma - 1) Lakin E. Abışov heç bir üzrlü səbəb olmadan əmək funksiyalarını icra etməkdən imtina etmiş və işə çıxmayaraq öz vəzifəsi üzrə təhvil-təslim prosesinin həyata keçirilməsinə şərait yaratmamışdır. Faktiki vəziyyət ondan ibarətdir ki, işəgötürən məhkəmə qərarının icrası üçün tələb edilən bütün zəruri addımları atsa da, işçi öz əmək funksiyasını yerinə yetirməyə başlamamışdır. Qeyd etmək lazımdır ki, işçinin əmək funksiyasını icra etməməsi işəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə bağlı deyil. Əksinə, işəgötürən məhkəmə qərarının icrası üçün öz öhdəsinə düşən bütün vəzifələri icra etmiş, iddiaçını işinə bərpa edərək onu işləməyə dəvət etmişdir. İşçinin səbəbsiz yerə işə çıxmaması və öz vəzifə borclarını yerinə yetirməməsi onun şəxsi davranışından irəli gəlir. Bu hal icra prosesinin yenidən açılmasını və ya davam etdirilməsini şərtləndirə bilməz, çünki Elçin Abışovun işə bərpa edilməsi haqqında ƏMAS sistemində və rəsmi poçtla bildiriş təqdim edilməsinə baxmayaraq E.Abışov işə bərpa edildiyi gün yəni 2024-cü il 07 noyabr tarixində səhhətində yaranan problemlərlə əlaqədar işə çıxa bilməyəcəyini bildirmişdir. Məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə E.Abışovun işə bərpa edilərək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinə baxmayaraq, E.Abışov bugünə qədər işə çıxmamış, əmək qanunvericiliyinə əsasən hər hansı üzürlü səbəb bildirməmiş, daimi olaraq əsassız və anlaşılmaz mövqe sərgiləyərək müxtəlif şikayətlərlə dövlət və məhkəmə orqanlarında çaşqınlıq yaratmağa çalışmışdır. Bundan başqa, təhvil-təslim aktının tərtib olunmamasının yeganə səbəbi məhz iddiaçının işə başlamamasıdır. İşəgötürən tərəfindən işçinin öz vəzifəsini təhvil alması üçün bütün imkanlar verilsə də, iddiaçı bu prosesdə iştirakdan öz hərəkətləri (hərəkətsizliyi) ilə faktiki imtina etmişdir. Nəhayət, xüsusilə vurğulanmalıdır ki, Agentlik dövlət büdcəsindən maliyyələşən dövlət orqanıdır və belə bir Agentliyin tabeliyindəki təhsil müəssisələrində idarəetmənin davamlılığını təmin etmək üçün məhkəmə qərarının vaxtında icra olunması vacib idi. İcra prosesinin əsassız yerə uzadılması həmin təhsil müəssisəsində iş prosesinin və idarəetmənin pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tələbkar tərəfindən cavabdehin nümayəndəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, qətnamənin icrası təmin edilməmişdir. Goranboy Rayon Peşə Məktəbinin möhürü, müvafiq sənədlər və avadanlıqlar tələbkara təhvil verilməmişdir. Cavabdeh bilərəkdən müqavilənin müddətinin bitməsi əsası ilə xitam vermək üçün qətnaməni tez icra etmişdir. İddiaçının hər gün dərs demək üçün məktəbə getməsinə baxmayaraq, direktor kimi səlahiyyətlərinin icrasına başlaması üçün şərait yaradılmır. Məhkəmə tərəfindən hazırki iş üzrə icra sənədinin tam şəkildə icrası üçün vaxt verilsə də yenə də icra sənədinin icrası təmin edilməmişdir. Qarşı tərəf məhkəmənin qətnaməsinin icrasından əsassız şəkildə yayınır. İcra məmuru isə icra sənədini formal icra edərək icraata xitam vermişdir. Şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, ərizəçinin əmək funksiyalarını icra etməməsi, Agentliyin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə bağlı deyildir. Agentlik məhkəmə qərarının icrası üçün zəruri olan bütün tədbirləri vaxtında görmüş, əmr vermiş, işə bərpa barədə məktublar təqdim etmiş və ərizəçini iş yerinə dəvət etmişdir. Bu faktları təsdiq edən sənədlər Agentlik tərəfindən məhkəməyə təqdim edilmişdir. Bunun üçün müvafiq olaraq, 21,10.2024-cü il tarixli KM/104 №- li əmr qəbul edilmiş, ərizəçi əmrlə tanış edilmiş (bunu öz şikayət ərizəsində də etiraf edir), əlavə olaraq 2024-cü il 7 noyabr tarixində işə başlaması barədə Məhkəməyə sübut qismində təqdim edilmiş 3-2963/2- 826/2024 nömrəli məktubla məlumat verimişdir. Belə ki, Agentlik işə bərpa ilə bağlı bütün zəruri prosessual hərəkətləri həyata keçirsə də, E.Abışov 2024-cü il 08 noyabr tarixində şifahi olaraq səhhəti ilə bağlı işə gələ bilməyəcəyini bildirmiş,(Bu faktı təsdiq edən səsyazıları sübut qismində məhkəməyə təqdim olunmuşdur), lakin bu günədək tibbi arayış və ya üzrlü səbəbə dair hər hansı rəsmi sənəd təqdim etməmişdir. Ərizəçinin sözgedən davranışının qəsdən vaxtı uzatmaq, işə gəlmədiyi halda məcburi iş buraxma üçün ödəniş almaq niyyətinə xidmət etdiyi ehtimal olunur. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürən işçinin sağlamlıq vəziyyətini nəzərə almaqla, onun əmək funksiyalarını icra edə bilmədiyi dövr ərzində müəyyən hüquqi məhdudiyyətlərlə qarşılaşır. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Bu müddəaya uyğun olaraq, işəgötürənin əmək qabiliyyətinin bərpasını gözləməkdən başqa hər hansı prosessual tədbir görməsi hüquqi cəhətdən mümkün deyildir.Təhvil-təslim aktının tərtib edilməməsi məhkəmə qətnaməsinin “işə bərpa” edilmək haqqında olan hissəsinin icra edilməməsini ehtiva etmir. Çünki qanunvericilik təhvil-təslim aktını "işə bərpa" prosedurunun zəruri elementi olaraq tanımır. Bu, sonrakı idarəetmə prosedurudur və işə çıxmayan direktorla icra oluna bilməz. İşçinin Agentliklə əmək münasibətlərinin xarakterindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi, bu hal nəticəsində yaranmış məsuliyyəti istisna etməlidir. təhvil-təslim prosesinin uzanması Agentliyin maraqlarına ziddir. Agentliyin tabeliyindəki dövlət peşə təhsil müəssisələrində idarəetmənin fasiləsizliyinin təmin edilməsi məhkəmə qərarlarının dərhal icrasını zəruri etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının əmək qanunvericiliyində işçinin işə bərpa edilməsinin məhkəmə prosesinin gedişində və ya məhkəmədən əvvəl icra edilməsi ilə bağlı hər hansı konkret məhdudiyyət nəzərdə tutulmamışdır. Ərizəçinin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktı onun işə çıxmamaqla bağlı məsuliyyətdən yayınmaq məqsədilə məhkəmə prosesinə təsir göstərmək cəhdidir. Belə bir davranış işəgötürənin hərəkətsizliyi ilə deyil, məhz ərizəçinin qərəzli mövqeyi ilə izah olunmalıdır. Şikayətin təmin edilməməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmri ləğv edilərək, X10 Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, X10 06 noyabr 2024-cü il tarixindən Goranboy Peşə Məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müvafiq qətnamə icra edilmiş və 2024-cü il 7 noyabr tarixində Əmək və Məşğulluq altsistemində müvafiq düzəliş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq X8 2024-cü il 7 noyabr tarixindən Goranboy Peşə Məktəbində əmək fəaliyyətinin icrasına başlaması xahiş olunur; - Peşə Təhsili üzrə Dövlət X1 ünvanlanan məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli e- 2(005)-2576/2024 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 2(103)-5657/2024 nömrəli qətnaməsi tərəflərindən icra edilmiş, Agentliyin 2024-cü il 17 aprel tarixli K/M-42 nömrəli əmri ləğv edilməsi və X19 Məktəbinin direktoru vəzifəsinə bərpa olunma barədə yeni əmr qəbul edilmiş, 2024-cü il 7 noyabr tarixində Əmək və Məşğulluq altsistemində müvafiq düzəliş edilmişdir. Müvafiq olaraq, X10 Goranboy Peşə Məktəbinin direktoru vəzifəsinə bərpa olunması barədə 2024-cü il 7 noyabr tarixli 3-29- 63/2-826/2024 nömrəli məktubla məlumat verilmiş və əmək fəaliyyətinin icrasına başlaması xahiş olunmuşdur. X10 əlaqə telefonlarına dəfələrlə zəng edilsə də və əlaqə saxlanılmasına cəhd göstərilsə də, hər hansı əlaqə saxlamaq mümkün olmamışdır. 2024cü il 08 noyabr tarixində səhhətində yaranmış narahatlığa görə xəstəxanada müalicə alması barədə şifahi olaraq məlumat vermişlər. Müraciətdə qeyd edilən digər bir məsələ olan “hər gün işə çıxmağınız”la bağlı bildirilir ki, işə bərpa olunduqları tarixdən, yəni 2024cü il 07 noyabr tarixindən etibarən X10 Goranboy Peşə Məktəbində direktor kimi işə çıxmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, 2024-cü il 21 oktyabr tarixli K/M- 104 nömrəli əmrin icrasını nəzərə alaraq, Goranboy Peşə Məktəbinin direktoru olaraq işə çıxmasını və işə çıxmadığı dövrlər üçün üzrlü səbəbdən işə gəlməməyi barədə müvafiq sənədləri təqdim etməsi xahiş olunur; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 2(103)-5657/2024 saylı qətnaməsi icra edilmişdir; - İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir; - Goranboy Peşə Məktəbinin sabiq direktoru X14, həmin məktəbin baş mühasibi X15, kadrlar üzrə mütəxəssis X5, binanın istismarı üzrə texniki X6 və xadimə X7 imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy Peşə Məktəbinin sabiq direktoru adı çəkilən məktəbi təhvil almaq üçün 900-da məktəbə gəlmiş, lakin həmin tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin heç bir nümayəndəsi Goranboy Peşə Məktəbini X12 təhvil-təslim etmək üçün peşə məktəbinə gəlməmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana(notarius istisna olmaqla) geri qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədi üzrə icraata xitam verilməsi yalnız qanunvericiliklə sadalanmış hallarda mümkündür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi icra edilmiş sayılır. Hazırki iş materiallarından isə görünür ki, məhkəmə aktı tam icra edilməmişdir, yəni iddiaçı Əmək və məşğulluq altsistemində direktor vəzifəsinə bərpa edilsə də, faktiki olaraq səlahiyyətlərinin icrasına başlaması üçün şərait yaradılmamış, təhvil-təhsil həyata keçirilməmişdir. Halbuki cavabdehin vəzifəyə bərpa edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli əmrinin 4-cü bəndində də “Goranboy Peşə Məktəbinin direktoru Elçin Abışovun Ticarət və Xidmət üzrə X22 Təhsil Mərkəzi Publik Hüquqi Şəxsinin direktoru Azər Rüstəmovla təhvil-təslim işlərinin aparılmasını təmin etməsi və 10 gün ərzində nəticələri barədə hesabatın Agentliyə təqdim edilməsi əmr edilmişdir. Lakin hər hansı bir hesabat məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə icraatının gedişi zamanı tərəflərə təhvil-təslim üçün vaxt verilmiş, lakin xx.xx.2025-ci il tarixli aktın surətindən də göründüyü kimi, cavabdeh tərəf təhvil-təslim etmək üçün məktəbə gəlməmişdir. Bütün bunlar bir daha məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam şəkildə icra edilmədiyini və iddiaçının hüquqlarının pozuntusunun davam etdiyini müəyyən etməyə əsas verir. Belə ki, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə baxmayaraq, həmin vəzifədə səlahiyyətlərinin icrasına başlaya bilməməsi məhkəmə müdafiəsi hüququna və məhkəmə aktının icrasının məcburiliyi prinsipinə xələl gətirmiş olur. Bu səbəbdən icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi barədə qərarı qanunauyğun qərar hesab edilə bilməz. Borclunun iddiaçının işə bərpa edilməsinə baxmayaraq qəsdən işə çıxmaması, xəstəlik vərəqəsi gətirmədən təhvil-təslimin həyata keçirilməsinin mümkünsüzlüyü, iddiaçının əsas məqsədinin işləmədiyi dövr üçün məcburi iş buraxma müddəti üçün əmək haqqı almaq olması kimi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı mediasiyadan keçmək və məhkəməyə müraciət etmək, aylarla davam edən məhkəmə proseslərində iştirak etmək məcburiyyətində qalmışdır. Bu baxımdan iddiaçının tələbinin təmin edildiyi halda qəsdən işə çıxmaması ağlabatan deyildir. İş materiallarından və tərəflərin izahatından görünür ki, icra sənədi bir gün tez verilmiş və həmin gün də cavabdeh tərəfindən apellyasiya şikayəti daxil olmuş, dərhal məhkəmə tərəfindən icra məmuruna apellyasiya şikayətinin daxil olması, icra sənədinin icra edilmədən qaytarılması barədə məktub göndərilmişdir. İş apellyasiya məhkəməsinin icraatında olarkən iddiaçı işə bərpa edilmiş, bu barədə müvafiq əmr verilmişdir. İddiaçı isə qətnamə qanuni qüvvəyə minmədən onun icra edilməsində cavabdehin əsas məqsədinin iddiaçını işə bərpa edərək, noyabr ayında onunla bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam vermək olduğunu bildirmişdir. Göründüyü kimi, tərəflər arasında qətnamənin icra edilməsi müddəti ilə bağlı anlaşılmazlıq yaranmışdır. Hər bir halda iddiaçı qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəfə vəzifəsinin icrasına başlaması üçün şərait yaradılması məqsədilə dəfələrlə müraciət etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı tərəf icra sənədi icra edildikdən sonra işə çıxmağa şərait yaradılmamasına baxmayaraq, həmin dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ilə bağlı hazırda tələbinin olmadığını da bildirmişdir. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədini tam icra etmədən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməli və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-258/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-258/2025
02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver