Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-275/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə və ona əlavə olulmuş sənədlərə məhkəmənin inzibati binasında (Bakı, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X3 250.000 (iki yüz əlli min) manat pul tutularaq tələbkar X13 ödənilməsinə dair Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X3 250.000 (iki yüz əlli min) manat pul vəsaiti tutularaq tələbkar X13 ödənilməsi qərara alınmışdır. Qərar ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İcraata başlamaq haqqında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasan icra sənədi üzrə icraata başlanılmış və borclu kimi 10 gün müddətində icranı könüllü olaraq təmin etmək ona həvalə edilmişdir. Həmin hallarla bağlı barəsində olan cinayət işi prokurorun protesti, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti əsasında, iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmiş və Məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. “İcra haqqında” Azərbaycan Qanununun 17 və 19-cu maddələrinə əsasən, məhkəmənin qərarından Apellyasiya və Kassasiya Məhkəməsinə şikayət edildikdə həmin məhkəmələrin yekun qərarı qanuni qüvvəyə minənədək iş üzrə icra dayandırılır. Bu tələb qanununun imperativ, yəni əmredici normasıdır. Nərimanov rayon İcra Şöbəsi qanunun bu tələblərini pozaraq icraya başlamışdır. Bundan başqa, 2017-ci ildə X12 şikayəti epizodu üzrə Ələkbərov Vüsal Hicran oğlu barədə cinayət işinə baxılarkən Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun mülki iddiası təmin edilməmişdir. Həmin qərar Apellyasiya və Kassasiya İnstansiyası məhkəmələrinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, Xəzər rayon məhkəməsi əsassız olaraq həmin şəxsin mülki iddiasını təmin etmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdirlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı xx.xx.2023-cü il qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X4 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq iddiaçı X13 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunur. Borcluya bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı bildirilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən X6 təqdim edilməsi üçün ünvanlanmış 18 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 182.3.1-ci və digər maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 4 aprel tarixli 1-1(103)-1/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər və müdafiəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxılmasının 2024-cü il 8 may tarixə təyin edildiyi və proses iştirakçılarına məlumat verildiyi bildirilmişdir. - X2 tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuruna ünvanlanmış məktubdan görünür ki, borclu Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən və Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti verdiyi üçün icranın dayandırılmalı olduğunu bildirmiş, bildirişin nəzərə alınmasını xahiş etmişdir. - Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum olunmaqla, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilərək həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Mövlam Şixəliyevin üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, cəzasının əvvəli 05 aprel 2021-ci ildən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və ona təyin edilmiş əlavə cəza müstəqil icra edilmişdir. Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, onun ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikasının Prezidentinin 28 mart 2009-cu il tarixli 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli 1370 saylı sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014- cü il tarixli 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilsin, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 25 mart 2005-ci il tarixli 0179 saylı əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 24 iyun 2008-ci il tarixli 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından, Azərbay- can Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 30 iyun 2009-cu il tarixli 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005- 2010)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 26 mart 2012-ci il tarixli 060 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbay- can Respublikası Milli Təhlükəsizlik Nazirinin 07 oktyabr 2013-cü il tarixli 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanların 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 04 iyul 2014-cü il tarixli 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanların 95 illiyi (1919- 2014)” yubiley xatirə medalın- dan, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 26 mart 2015-ci il tarixli 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1ci dərəcəsi medalından məhrum edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 4 aprel tarixli 1- 1(103)-1/2023 nömrəli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər - X6, X11, X14 və Ələkbərov Vüsal Hicran oğluna münasibətdə dəyişdirilmədən saxlanmışdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2348/2023 saylı xx.xx.2023-cü il qətnaməsinə əsasən, cavabdeh X4 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq iddiaçı X13 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd olunan icra sənədi üzrə icraata başlanmış, borcluya tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Hazırda borclu X8 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 4 aprel tarixli 1-1(103)-1/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər və onun müdafiəçiləri tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verildiyini, bu səbəbdən icra işi üzrə icraatın dayandırılmalı olduğunu bildirərək icraata başlama haqqında icra məmurunun qərarının ləğv edilməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 19.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək; 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək; 19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək; 19.2-ci maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi qanunvericinin tələbinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasının iki halı nəzərdə tutulmuşdur: icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar və mümkün olduğu hallar. Həmçinin qanunverici icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallarda həmin məsələyə baxılmasını icra sənədi üzrə icra məmurunun, icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallarda isə həmin məsələyə baxılmasını icra məmurunun təsdiq edilmiş təqdimatına əsasən məhkəmələrin səlahiyyətlərinə aid etmişdir. “İcra haqqında” AR Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin, iş materiallarında olan sənədlərlə hazırki icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı qətnaməsinə dair mübahisənin olması müəyyən olunmur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2348/2023 saylı xx.xx.2023cü il qətnaməsinə əsasən, cavabdeh X4 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq iddiaçı X13 ödənilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün icra şöbəsinə göndərilmişdir. X1 istinad etdiyi hala – Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023cü il 4 aprel tarixli 1-1(103)-1/2023 nömrəli qərarından verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsi halına gəldikdə isə müəyyən edilir ki, bu kimi halın mövcud olması “İcra haqqında” Qanunda icra işi üzrə icraatın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Belə ki, həmin Qərardan görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər - X6, X11, X14 və Ələkbərov Vüsal Hicran oğluna münasibətdə dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan qərarın icra sənədinin verilməsinə əsas olan qətnamə ilə bağlılığı, bu qərardan verilmiş şikayətlərə baxılmadan icra vərəqəsinin icrasının dayandırılmasını zəruri edən hallar müəyyən olunmur. Belə ki, “İcra haqqında” Qanunun “İcraatın dayandırılmasının məcburiliyi” adlı 17-ci maddəsinə görə, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Qanunun “İcraatın dayandırılmasının mümkün olduğu hallar” adlı 18ci maddəsinə görə isə, borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun barəsində olan cinayət işi üzrə prokurorun protesti, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti əsasında işin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilməsi halı hazırki “X4 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq iddiaçı X13 ödənilməsi” barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icra sənədi üzrə icraatın dayandırılması üçün əsas deyildir. İcra məmuru qanunvericiliyə əsasən, məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə icra sənədi üzrə icraata başlamaq barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul etməkdə və tələbin könüllü icrası haqqında bildiriş ünvanlamaqda haqlı olmuşdur. Beləliklə məhkəmə, şikayəti və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-275/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-275/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver