Məhkəmə qərarları › İş №8(005)-278/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-278/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-278/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi X8, Borclu Borclu iştirakları ilə, X2 ərizəsi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən olunmuş alimentin miqdarını dəyişərək, 2025-ci il üçün minimum əmək haqqı nəzərə alınmaqla bundan sonrakı dövrlərdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 iş üzrə maraqlı şəxs Borclu ilə nikaha Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1680/2019 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Həmin qətnamənin alimentlə bağlı hissəsindən narazı qalan cavabdeh apellyasiya məhkəməsinə müraciət etmiş, cavabdehin müraciəti əsasında apellyasiya şikayəti qismən təmin olunmuşdur. Nəticədə yeganə övladı olan, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahdan olan yeganə uşaqları X10 xx.xx.2017-ci ildə Bakı şəhərində doğulub. Uşaq hal-hazırda da öz himayəsindədir. Qeyd etdiyi kimi uşağın saxlanılması üçün hər ay 160 manat aliment alır. Aldığı məbləğ ilə uşağın təminatını ödəmək çətindir. Qeyd etmək istəyir ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirmişdir ki, uşağı görə bilmir. Bu səbəbdən ərizəçinin alimenti ondan nə əsasla tələb etdiyini bilmir. Özü əvvəllər işləmiş, alimenti ödəmişdir. Lakin sonradan alimenti ödəmədiyi üçün avtomobilinə həbs qoyulmuşdur. Bundan sonra avtomobili satıb alimenti ödəmişdir. Alimentə görə onu da axtarışa vermişdirlər. Başqa nikahdan 2 yaşında övladı var. Hazırda avtoyumada işləyir. Ərizənin təmin olunmasına etiraz edir. Məhkəmə ərizəçin nümayəndəsini və maraqlı şəxsi dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. -110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikasının 2024-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat, 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10881/2019 saylı xx.xx.2019-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X4 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Hazırda ərizəçi təyin olunmuş alimentin 2025-ci il üçün minimum əmək haqqı nəzərə alınmaqla bundan sonrakı dövrlərdə indeksasiya olunmasını xahiş edir. Göründüyü kimi, hazırki ərizə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Azərbaycan Respublikasında 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayınadək minimum əmək haqqının məbləği 180 manat, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarını, qətnamə ilə alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanmasını və tutulan 160 manat məbləğində alimentin 2019-cu il üzrə həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (180 manat) 0,88 mislini təşkil etdiyini (160 ÷ 180 = 0,88) nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində aliment tutularaq, X5 ödənilməlidir. Məhkəmə maraqlı şəxsin dəlilləri ilə bağlı isə qeyd edir ki, hal-hazırki ərizə qətnamə ilə tutulan alimentin indeksasiya edilməsi ilə bağlıdır ki, həmin ərizəyə baxılan zaman ancaq ölkə üzrə minimum əmək haqqı məbləğinin artımı nəzərə alınır. Maraqlı şəxs etirazında qeyd edilənlərlə bağlı Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ümumi qaydada iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə (artırılmasına və ya azaldılmasına) əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10881/2019 saylı xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləği indeksasiya edilərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10881/2019 saylı xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləği indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar