Məhkəmə qərarları › İş №8(005)-287/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-287/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-287/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, X2 ərizəsi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-699/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimenti indeksasiya edərək, 15 aprel 2019-cu il təvəllüdlü X3 üçün Borclu xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.90 misli həddində alimentin tutulması və alimentin tutulmasının onun əmək haqqına yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-699/2021 saylı qətnaməsinə əsasən, Borclu ilə aralarında bağlanmış nikah pozulmuş, 15 aprel 2019-cu il təvəllüdlü X8 yanında qalması və Borclu 15 aprel 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, respublikada bütün məhsullara (komunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları) tətbiq edilmiş qiymət artımı övladının saxlanılmasını daha da çətinləşdirmişdir. Borclu Sadıqov X9 rayonu 16-cı PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır və aylıq maaşı kifayət qədərdir. Onun aylıq maaşı barədə elektron məhkəmə informasiya sisteminə sorğu verməklə əldə edilməsi zəruridir. Borclunun kifayət qədər gəlirinin olmasına baxmayaraq, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini tam şəkildə ödəmir və nəticədə onun hazırkı vaxta 4000 manata yaxın borcu yaranmışdır. Lakin icra məmuru borclunun rəsmi iş yerinin olmasına baxmayaraq, icranı onun maaşına yönəltmir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, maraqlı şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsində əməliyyatçı işləyir və 840 manat əmək haqqı alır. Qanunvericiliklə əgər aliment verən şəxs işləyirsə, onun əmək haqqının dörddə biri həcmində aliment ödəməlidir. Alimentin maraqlı şəxsin əmək haqqının dörddə bir hissəsi, ya da minimum əmək haqqının 0.63 misli həddində müəyyən edilməsinə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan bir övladları olmuş və ərizəçinin himayəsində saxlanılmışdır. Hazırda ərizəçi uşağın saxlanması üçün 170 manat aliment alır. Bildiyi qədəri ilə maraqlı şəxs Nərimanov Rayon Polis İdarəsində işləyir, icra məmuru tərəfindən əmək haqqına dair sorğu verilməsinə baxmayaraq cavab verilməmişdir. Maraqlı şəxs uşağı ilə ünsiyyət saxlamır və aliment də ödəmir. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. -110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. İşin hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 699/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 17 noyabr 2020-ci il tarixdən başlayaraq 15 aprel 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Hazırda ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-699/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 170 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş edir. Göründüyü kimi, hazırki ərizə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Azərbaycan Respublikasında 2019-cu ilin sentyabr ayından minimum əmək haqqının məbləği 250 manat, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarını, alimentin 17 noyabr 2020-ci il tarixdən tutulmasını və tutulan 170 manat sabit pul məbləğində alimentin həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (250 manat) 0,68 mislini təşkil etdiyini (170 ÷ 250 = 0,68) nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan 15 aprel 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçiyə ödənilməlidir. Məhkəmə qeyd edir ki, hal-hazırki ərizə qətnamə ilə tutulan sabit pul məbləğində alimentin indeksasiya edilməsi ilə bağlıdır ki, həmin ərizəyə baxılan zaman ancaq ölkə üzrə minimum əmək haqqı məbləğinin artımı nəzərə alınır. Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə (artırılmasına və ya azaldılmasına) əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-699/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 15 aprel 2019-cu il təvəllüdlü X1 üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-699/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 15 aprel 2019-cu il təvəllüdlü X1 üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar