Məhkəmə qərarları › İş №8(005)-299/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-299/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-299/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC şikayət ilə məhkəməyə müraciət edərək Nərimanov rayon İcra şöbəsinin 06 mart 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(035)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli əmrin icrası ilə bağlı icra sənədin qaytarılması barədə qərar qəbul edilmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun yuxarıda qeyd edilən maddənin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Borclunun banklarda vəsaitin olub-olmaması barədə Mərkəzi Banka sorğular göndərməmiş və bu barədə heç bir sənəd qərara əlavə edilməmişdir. DODRX-i sorğu verilməmişdir. Qərarda ünvana baxış keçirib həmin ünvanda olmadığı qeyd edilmişdir. Lakin qanunun tələb etdiyi bütün tədbirləri görülməmiş, adicə Akt belə tərtib edilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru sadəcə "icra sənədinin qaytarılması haqqında" qərar qəbul etməklə kifayətlənmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, borclu şəxsin əmlakı və ya rəsmiləşdirilməmiş biznesi, ticarətlə məşğul olması faktlarını müəyyən edilməsi ilə bağlı hər hansı hüquqi hərəkət etməli olduğu halda etməmiş və sadəcə işə xitam qərarı verməklə kifayətlənmişdir. "İcra haqqında" Qanunun 2.1. maddəsində deyilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra haqqında qanunun 82.1.maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Lakin icra məmuru bunların heç birini etməmiş, sadəcə işi məhkəməyə qaytarmaqla kifayətlənmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə icra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" MMC-nin şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən Nərimanov rayon Məhkəməsinin 2(005)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 06 mart 2025-ci il tarixli qərarı ləğv edilməlidir. İş materiallarında və icra işi materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair 06 mart 2025-ci il tarixli qərarından görünür ki, “Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun bank hesablarının və vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. İcraat zamanı iş üzrə Borclu Nərimanov Rayon Polis İdarəsinin İnzibati Binasında qeydiyyatda olduğu müəyyən edilmişdir "Elektron icra" informasiya sitemirdən əldə edilmiş məlumata- əsasən borclunun mülkiyyətində hər hansı əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə “Elektron icra" informasiya sistemi vasitəsilə borclunun birgə nikah dövründə əldə etdiyi əmlak vəziyyəti yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə icra sənədi üzrə tələbin icrasının mümkün olmaması barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 45.4-cü maddəsinə əsasən, borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. - 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi icra sənədi xx.xx.2019-cu il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlanılmışdır. Bununla belə 6 ildən çox müddət keçməsinə baxmayaraq cəmi 82,96 manat məbləğində olan icra sənədi üzrə tələb borclu tərəfindən icra olunmamışdır. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (əmlakların qeydiyyatını aparan müvafiq orqanlara, banklara sorğu verilməsi və s.), habelə icra sənədini üzrsüz səbəbdən icra etməyən borclu barəsində qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmiş, elektron icra sistemində edilmiş sorğularla kifayətlənmiş, həmçinin icra sənədinin qaytarılması barədə qərar formal əsaslandırılmış, bununla da icra qanunvericiliyinin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, icra sənədi xx.xx.2019-cu il tarixdən etibarən icra şöbəsinin icraatındadır və icra sənədi üzrə tələb cəmi 82,96 manatdır. Qeyd olunan ünvana icra məmuru tərəfindən baxış keçirilərkən ünvanda tələbin yönəldilə biləcəyi bu dəyərdə heç bir əmlakın aşkar olunmaması inandırıcı deyildir. Belə olan halda 6 ildən uzun müddətdir icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən onun haqlı şikayətinə səbəb olmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: - 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə, tələbkar "xxxx" MMC-nin şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin Nərimanov rayon Məhkəməsinin e-2(005)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair 06 mart 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair 06 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-6916/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməsi üçün yenidən Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar