Məhkəmə qərarları › İş №8(005)-300/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-300/2025

01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-300/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin qərarından məhkəməyə şikayət verərək, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8492/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin qaytarılması ilə bağlı Nərimanov rayon icra şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsini düzgün tətbiq edilməmişdir. Həmin maddə tətbiq edilməklə qərar qəbul edilməsi üçün icra orqanı borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərinin görülməsini sübut etməlidir. Borclunun iş yerini olub-olmamasının aydınlaşdırılması qərarda qeyd edilməmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2025-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının surətindən görünür ki, borclu X2 tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak və gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borclunun icra sənədində göstərilən ünvanda olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-8492/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin tələbkara qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Hazırki iş materiallarından isə icra məmurunun qanunun tələblərinin yerinə yetirilməsi üçün hər hansı bir tədbir görməsi öz təsdiqini tapmamışdır. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (borclunun hər hansı əmlakının və ya qiymətli əşyasının yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri icra hərəkətləri və s.) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(005)-8492/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(005)- 8492/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar