Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-302/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyindən tələbkar tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, icra məmurunun hərəkətsizliyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə və Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Həmin qətnamə hazırki dövrədək icra edilməmişdir. Qətnamənin icrası Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 icraatında və Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 icraatındadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X6 və X3 müştərək qaydada 6970 manat məbləğində pul vəsaiti iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin 13.02.203-cü il tarixli məktubundan və eyni tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqi ərazi aidiyyəti üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclular və icra məmurları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 427.1-ci maddəsinə əsasən şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Hər iki kateqoriyadan olan məhkəmələr funksional cəhətdən məhkəmə qərarlarının icrası mərhələsində məhdud səlahiyyətlərə malikidirlər. Belə ki, müvafiq qərarı çıxarmış məhkəmələr (icra sənədini vermiş məhkəmələr) icra sənədinin icra məmuruna çatdırılmasına (maddə 8), icra məmurunun olduğu yer məhkəmələr isə bütövlükdə məhkəmə aktlarının icra mərhələsinə, xüsusi ilə icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərinə nəzarət edirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, hazırda icra sənədinin icrası Nərimanov rayon İcra şöbəsində deyil, Binəqədi və Bərdə rayon İcra və Probasiya şöbələrinə həvalə edilmişdir. Məhkəmə aktlarının icra mərhələsinə, xüsusi ilə icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərinə nəzarət icra məmurunun olduğu yer üzrə məhkəmələrin səlahiyyətindədir. Tələbkarın hazırki ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməsi prosessual pozuntu olmuş və bu səbəbdən şikayəti ərizəsi geri qaytarılmalıdır. Həmçinin ərizəçiyə izah edilməlidir ki, hazırki şikayət ərizəsinin məzmununa və tələbinə uyğun ərizə ilə icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2460/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına nəzarət funksiyası aidiyyatı üzrə digər məhkəmələrdə olduğu üçün şikayəti ərizəsi geri qaytarmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1,263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar tərəfindən icra məmurunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-302/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-302/2023
19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver