Məhkəmə qərarları › İş №8(005)-302/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-302/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-302/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, X1 “alimentin tutulmasının alimentin artırılması barədə ərizə verildiyi tarixdən hesablanması” barədə ərizəsini məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: X2 ərizə ilə məhkəməyə müraciət edərək, AR Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi barədə" 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.11-ci bəndinə əsaslanaraq Nərimanov rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərarı üzrə alimentin tutulmasının 02 iyun 2020-ci ildən, yəni alimentin miqdarının artırılması barədə ərizə verdiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə X5 ərizəsini nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, şikayətin məzmunundan görünür ki, ərizəçi – tələbkar Nərimanov rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərarı üzrə alimentin tutulmasının 02 iyun 2020ci ildən, yəni alimentin miqdarının artırılması barədə ərizə verdiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bununla belə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2214/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X7 cavabdeh Borclu qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd olunan qətnamə ilə “qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Borclu xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçı X6 ödənilməsi” qət edilmişdir. Qətnamədən görünür ki, məhkəmə iddia tələbinin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 2020-ci ilin yanvar ayından başlayaraq tutulması hissəsinə münasibət bildirərək iddianı bu hissədə əsaslı hesab etməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, ““Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan, qətnamə dəyişdirilməli olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır.” Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2214/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artıq alimentin miqdarının artırılmasının hansı tarixdən hesablanması məsələsinə hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələb ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan ərizənin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması, qeyd olunan hala yenidən qiymət verilməsi yolverilməzdir, buna görə də ərizənin icraata qəbul olunmasından imtina olunmalı, ərizəyə əlavə olunmuş sənədlər ərizəçinin özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 “alimentin tutulmasının alimentin artırılması barədə ərizə verildiyi tarixdən hesablanması” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “alimentin tutulmasının alimentin artırılması barədə ərizə verildiyi tarixdən hesablanması” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar