Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-308/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X2 iştirakı ilə, X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(005)- 632/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamələrinin icra üsulu və qaydasının dəyişdirilməsi, qiymətlərindən asılı olmayaraq birgə paylı mülkiyyətlərində olan əmlaklar, yəni ünvan 1 ünvanında yerləşən 139.8 kv.m yaşayış sahəsi olan 3 otaqlı mənzilin tərəflərdən birinin mülkiyyətinə, Yasamal rayonu, N.ünvan 2 ünvanda yerləşən 253.5 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin isə tərəflərdən digərinin mülkiyyətinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, qiymətlərindən asılı olmayaraq birgə paylı mülkiyyətlərində olan əmlaklar, yəni ünvan 3 ünvanında yerləşən 139.8 kv.m yaşayış sahəsi olan 3 otaqlı mənzil tərəflərdən birinin mülkiyyətinə, Yasamal rayonu, N.ünvan 2 ünvanda yerləşən 253.5 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəmi isə tərəflərdən digərinin mülkiyyətinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi paylı mülkiyyətdə olan ünvan 4 ünvanında 139.8 kv.m yaşayış sahəsi olan mənzil və Yasamal rayonu, N.ünvan 5anda yerləşən 253.5 kv,m sahəsi olan yarımzirzəminin hərracda satılaraq pulunun bərabər şəkildə onunla cavabdehin arasında bölünməsi haqda 2(005)- 110/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə qəbul edərək icra edilməsi üçün yaşayış sahəsi olan mənzili Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinə, qeyri-yaşayış sahəsi olan yarımzirzəmini isə Yasamal rayon İcra şöbəsinə göndərmişdir. Keçən 4 ilə yaxın müddətdə əmlaklar satılmadığından, icra müddəti başa çatdığından icra edilməsi mümkün olmadığından "İcra haqqında" Azərbaycan Respublikası Qanununnu 70.4-cü maddəsinə əsasən icra sənədləri qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün Qətnaməni qəbul edən Nərimanov rayon Məhkəməsinə geri qaytarmışlar. Bu səbəbdən icra üsulu və qaydasının dəyişdirilməsi zərurəti yaranmışdır. Cavabdeh Maraqlı şəxs etiraz ərizəsi ünvanlayaraq, ərizə əsassız olduğundan onun təmin edilməməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli qətnamə ilə tərəflərə məxsus əmlaklar üzərində onun 1\2 pay hüququ müəyyən edilmiş, daha sonra isə eyni məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(005)- 110/2020 saylı qətnaməsi ilə paylı mülkiyyətdə olan iki əmlakın – ünvan 4 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan mənzilin və Yasamal rayonu, N.ünvan 6 ünvanında yerləşən 253,5 kv.m sahəsi olan yarımzirzəmi qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə ediləcək pulun tərəflər arasında bölünməsi müəyyən edilmişdir. Həmin qətnamələr icra olunmaq üçün Ədliyyə Nazirliyinin Nərimanov və Yasamal rayon icra şöbələrinə göndərilmiş, lakin uzun müddət ərzində satış baş tutmadığından icraat qanunvericilikdə nəzərdə tutulan müddət bitdiyi əsasları ilə icra orqanları tərəfindən dayandırılaraq icra sənədləri qərar qəbul etmiş məhkəməyə qaytarılmışdır. Məhz bundan sonra iddiaçı “icra üsulunun dəyişdirilməsi” adı altında dəyərlərindən asılı olmayaraq əmlakların birinin tam həcmdə ona, digərinin isə ona verilməsi, yeni maddi-hüquqi tələblər irəli sürmüşdür. Bu ərizə mahiyyətcə nə Mülki Prosessual Məcəllənin (MPM) 231-ci maddəsi ilə nəzərdə tutulan “icra üsulunun və qaydasının dəyişdirilməsi”, nə də “icraya möhlət verilməsi” institutuna aid deyil. MPM-in 231-ci maddəsi yalnız icra mərhələsinin texniki parametrlərinin icranın ardıcıllığının, hissə-hissə icranın, möhlətin və icra hərəkətlərinin qaydasının dəyişdirilməsinə imkan verir; məhkəmə qətnamənin məzmununu dəyişdirə, yeni subyektiv hüquq və vəzifələr müəyyən edə bilməz. Halbuki iddiaçının xahişi xx.xx.2020-ci il tarixli qətnamənin mahiyyətini yəni açıq hərracdan satış və pulun bölünməsi üsulunu ləğv edib bunun əvəzində əmlakların natura qaydasında bölünməsini və hətta bir əmlakın bir tərəfin adına keçirilməsini nəzərdə tutur. Bu, “icra üsulu” deyil, yeni iddia predmetidir. Paylı mülkiyyətin bölünməsi və payın ayrılması yalnız Mülki Məcəllənin (MM) 220–221-ci maddələri ilə tənzimlənir və hüquqi rejimi ayrıca iddia icraatını tələb edir: əvvəlcə naturada bölünmənin real mümkünlüyü araşdırılmalı, mümkün deyilsə, məhkəmə yalnız açıq hərracdan satış və satışdan əldə edilən vəsaitin pay nisbətində bölüşdürülməsi barədə qərar qəbul edə bilər. xx.xx.2020-ci il tarixli qətnamə də məhz bu ardıcıllığa uyğun olaraq satış üsulunu seçmişdir. İcra mərhələsində 231-ci maddəyə istinadla bu nəticəni dəyişmək hüquqi müəyyənlik (res judicata) prinsipini pozur. “İcra üsulunun dəyişdirilməsi” üçün zəruri şərtlər icranın həqiqətən hansı qaydada çətinləşdiyi, hansı alternativ icra üsulunun təklif edildiyi və bunun icra predmeti ilə uyğunluğu göstərilməmişdir; əksinə, 2020-ci il qətnaməsinin seçdiyi satış üsulu tamamilə kənara qoyularaq yeni bir bölgü tələb edilir. Bu çatışmazlıqlar ərizənin mahiyyət üzrə baxılmadan təmin edilməməsi üçün əsasdır, çünki iddiaçı prosessual qaydaları pozaraq yanlış müraciət etmişdir, icra məsələsini yeni maddi-hüquqi mübahisəyə çevirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı X5 2(005)-110/2020 saylı iş üzrə qətnamədən apellyasiya şikayəti verərək yenidən məhkəməyə müraciət etmişdir. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 5anında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsi və ünvan 4 ünvanında yerləşən 139,6 kv.m sahəsi olan 3 otaqlı mənzil üzrə Maraqlı şəxs Səttar qızının ½ pay hüququnun müəyyən edildiyini vurğulamış, əmlakların natura qaydasında bölünməsinin mümkün olmadığını, cavabdehin (yəni mənim) kompensasiya ödəməklə əmlakları əldə etmək istəmədiyini, buna görə də əmlaklardan istifadə və sərəncam hüquqlarının həyata keçirilmədiyini əsas gətirmişdir. Bu səbəbdən iddiaçı həmin əmlakların natura qaydasında bölünməsini, naturada bölgü mümkün olmadıqda isə bazar qiyməti ilə qiymətləndirilib məcburi qaydada satılaraq satışdan əldə ediləcək pulun tərəflər arasında bərabər bölüşdürülməsini tələb etmişdir. Lakin onun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2020 saylı iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Xüsusən də mübahisələndirilən hissə – ünvan 8 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, ilkin satış qiymətinin 750 000 (yeddi yüz əlli min) manat müəyyən edilməsi və satışdan əldə ediləcək məbləğin tərəflərə ½ payda bölüşdürülməsi – dəyişdirilmədən qüvvədə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)- 799/2021 saylı qətnaməsi ilə bu qərarı təsdiq etmişdir. Deməli, artıq həmin məsələ üzrə hüquqi mövqe məhkəmə tərəfindən yekun həllini tapmış, qətnamə qanuni qüvvəyə minmiş və bu halda hüquqi müəyyənlik (res judicata) və preyudisiallıq prinsipi tətbiq olunmalıdır. Belə olan halda, ərizəçinin yenidən “icra üsulunun və qaydasının dəyişdirilməsi” adı altında mahiyyətcə eyni tələbləri irəli sürməsi preyudisiallıq qaydalarına ziddir. Çünki mövcud məhkəmə qətnaməsi ilə əmlakların satış üsulu müəyyən edilmiş və bu qayda apellyasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Buna görə də indi irəli sürülən ərizə yalnız mahiyyət etibarilə yeni iddia predmeti olmaqla yanaşı, həm də qüvvədə olan məhkəmə qətnaməsinin nəticələrinə ziddir və məhkəmə tərəfindən qəbul edilə bilməz. Qeyd edilməlidir ki, əvvəlki qiymətləndirmə rəyləri ilə yeni təqdim olunmuş ekspert rəyi arasında ciddi ziddiyyət mövcuddur və bu, iş üzrə hüquqi mövqeyin düzgün qiymətləndirilməsinə mane olur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2(005)- 2706/2019 saylı qərardad əsasında aparılmış məhkəmə mühəndis-texniki ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizası, eləcə də həmin ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli 28 saylı qiymətləndirmə rəyində ünvan 9 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin bazar qiyməti 750.000 manat, ünvan 4 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin bazar qiyməti isə 250.000 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə məhkəmə icraatında əsas götürülmüş və qüvvədə saxlanılmışdır. Sonradan təqdim olunan yeni ekspert rəyində isə tamamilə fərqli nəticələr göstərilmişdir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 57/24 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin bazar qiyməti 484.000 manat, ünvan 4 ünvanında yerləşən 139,6 kv.m sahəsi olan mənzilin bazar qiyməti isə 418.000 manat kimi müəyyən edilmişdir. Əvvəlki rəy ilə müqayisədə inflyasiya və daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması şəraitində qeyri-yaşayış sahəsinin qiymətinin 750.000 manatdan 484.000 manata endirilməsi iqtisadi məntiqə ziddir, şəffaflıq və obyektivlik prinsipləri ilə uzlaşmır. Digər tərəfdən, əvvəlki rəydə 250.000 manat dəyərində göstərilən mənzilin yeni rəy üzrə 418.000 manat qiymətləndirilməsi, obyektlərin qiymətləndirilməsində balansın qorunmadığını açıq şəkildə göstərir. Bundan əlavə, yeni ekspert rəyində Yasamal rayonu, N.ünvan 5anında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin faktiki olaraq iki ayrı hissədən ibarət olduğu, onların arasında isə digər şəxslərə məxsus sahələrin mövcudluğu bildirilmişdir. Lakin qiymətləndirmə aparılarkən obyektlərin yalnız bir hissəsi nəzərə alınmış, digər sahə ümumiyyətlə qiymətləndirilməyə daxil edilməmişdir. Bu isə qiymətləndirmənin natamam aparıldığını və obyektivlik prinsipinin pozulduğunu göstərir. Beləliklə, iş materiallarında mövcud olan əvvəlki qiymətləndirmə rəyi ilə yeni təqdim olunmuş qiymətləndirmə arasında ciddi uyğunsuzluqlar və məntiqi ziddiyyətlər vardır. Məhkəmə iclasında iştirak edən X3 bildirmişdir ki, mənzil və qeyri-yaşayış sahəsi uzun illərdir ki satılmır. Bu səbəbdən o, evsiz qalmışdır. Qeyri-yaşayış sahəsi onun istifadəsində olsa da onun yaşamağa yeri yoxdur. Oranı aptek kimi işlədir, lakin demək olar ki gəliri yoxdur. Başqa yaşayış yeri olmadığından həmin obyektdə yaşayır. Maraqlı şəxs nə obyekti, nə də evi satmağa razı olur. Qeyri-yaşayış sahəsi mənzildən daha baha qiymətləndirilib. Ona ev və ya qeyri-yaşayış sahəsi verilməsinə etirazı yoxdur. Qiymət arasında fərq olarsa qarşı tərəfə ödəməyə razıdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. İş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 632/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 5anında yerləşən 253,5 kv.m. qeyri-yaşayış sahəsinin üzərində Maraqlı şəxs ½ hissədə, Nəsibov liqar İxtiyar oğlunun ½ hissədə bərabər payının müəyyən edilməsi, ünvan 11 ünvanında yerləşən 139,8 kv. metr sahəsi olan, 3 otaqlı mənzilin və "xxxx" MMC-nin üzərində Maraqlı şəxs ½ hissədə, X4 ½ hissədə bərabər pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 110/2020 saylı qətnaməsindən görünür ki, ünvan 12 ünvanında yerləşən 253,5 kv.m qeyriyaşayış sahəsi və ünvan 13 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin açıq hərracda satılması, ünvan 12 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 750.000 manat müəyyən edilməsi və ünvan 14 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin hərracdan ilkin satış qiymətinin 250.000 manat müəyyən edilməsi, əmlakların satışından əldə edilən məbləğin iddiaçı X5 və cavabdeh Maraqlı şəxs arasında ½ hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Xammal və X10 Mərkəzi "xxxx" MMC-nin Nərimanov rayon İcra şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qanunvericiliyə uyğun olaraq hərrac keçirilmiş, heç bir alıcı müraciəti olmadığı və icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan İcra şöbəsinə geri qaytarılmışdır; - xx.xx.2023-cü il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan görünür ki, keçirilən hərraclar zamanı əmlak satılmadığından qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün icra sənədi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır; - xx.xx.2024-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-110/2020 saylı icra vərəqəsinin icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır; - “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində ünvan 4 ünvanda yerləşən 139.8 kv.m yaşayış sahəsi olan 3 otaqlı mənzilin bazar dəyəri qiymətləndirmə tarixinə yuvarlaq şəkildə 418000 manat və Yasamal rayonu, N.ünvan 16 ünvanda yerləşən 253.5 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin bazar dəyəri qiymətləndirmə tarixinə yuvarlaq şəkildə 484000 manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinin əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normalarının mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, icra üsulunun və qaydasının dəyişdirilməsini tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipi məhdudlaşdırılmamalı, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Qeyd olunmalıdır ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması anlamına gəlir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində əksini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər ("Burdov Rusiyaya qarşı”, 2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəməyə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə (xx.xx.2017-ci il tarixli, 2(005)-632/2017 saylı) tərəflər arasında birgə nikah dövründə əldə edilmiş daşınmaz əşyalar üzərində ümumi birgə mülkiyyət rejiminə xitam verilmiş, mənzil və qeyriyaşayış sahəsi, üzərində tərəflərin ½ hissədə payları tanınmaqla onların ayrıca mülkiyyətinə verilmişdir. Göründüyü kimi, tərəflərin həmin əmlaklar üzərində birgə mülkiyyət halı aradan qalxmış, paylı mülkiyyətçi vəziyyətinə keçmişlər. Birgə mülkiyyətə daxil olan əmlakların tərəflər arasında bölünməsi, yəni əmlaklardan hər tərəfə birinin verilməsi yalnız ümumi birgə mülkiyyətdə olan əmlak bölünərkən həyata keçirilə bilərdi, paylı mülkiyyətə çevrildikdən sonra qarşılıqlı razılıq olmadan tərəfin fərdi (ayrıca) mülkiyyətində olan əmlakın bir tərəfdən alınaraq digər tərəfə verilməsi qanunvericilik normalarının tələblərinə, xüsusilə də mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Bu baxımdan qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, artıq qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmiş mülkiyyət paylarının mahiyyətini dəyişdirmək, yaxud fərdi mülkiyyətdə olan əmlakın tərəflərdən birinə verilməsi yolu ilə icra qaydasını dəyişmək yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, borclu daşınmaz əşyaların qiymətinin icra sənədində real göstərilmədiyinə, bu səbəbdən alıcı olmadığına, tələbkarın daşınmaz əşyaların satılmasına mane olduğuna istinad etmişdir. Lakin məhkəmə, tərəfə qətnamənin icra üsulunun dəyişdirilərək qapalı hərracın keçirilməsi, əmlakların dəyərinin yenidən müəyyən edilməsinin mümkünlüyünü izah etsə də ərizəçi bununla razılaşmamış, yalnız əmlakların hər tərəfə birinin verilməsi yolu ilə ümumi mülkiyyətə xitam verilməsini tələb etdiyini bildirmişdır. O da qeyd edilməlidir ki, əmlakların satılmaması və ya bazar şəraitində alıcının tapılmaması həmin məhkəmə qətnaməsinin icra olunmasına obyektiv çətinlik yaratsa da, əmlakların dəyəri hazırki dövrə uyğun yenidən müəyyən edilməklə icra sənədi icra olunması üçün icra şöbəsinə göndərilə bilər. Borclunun mənzilə alıcı tərəfindən baxış keçirilməsinə mane olması isə qanunverciliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülməklə aradan qaldırla bilər. Beləliklə, məhkəmə ərizəçinin təklif etdiyi qaydada qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu, mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-308/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-308/2025
23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver