Məhkəmə qərarları › İş №8(005)-317/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-317/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-317/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli, 114214\23-15 saylı qərarını ləğv edib, İcra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə yönləndirilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon məhkəməsinin 2(005)-397\2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 2864 manat əsas məbləğ və 48 manat dövlət rüsumu tutularaq tələbkar Aztur Rent A Car MMC-yə ödənilməlidir. Həmin işin İcrası ilə Nərimanov rayon İcra şöbəsi məşğul olur. İşlə bağlı Nərimanov rayon icra şöbəsi xx.xx.2025-ci il tarixində İcra haqqında qanunun 23.1.3cü maddələrini rəhbər tutaraq işi Nərimanov Rayon məhkəməsinə qaytarmışdır. Qeyd edir ki, qərarda icra məmuru tərəfindən bütün tədbirlərin görüldüyü qeyd etsə də, görülmüş tədbrilərlə bağlı (akt, protokol sorğulara cavab) heç bir sənəd təqim edilməmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin və tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Tələbkarın nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə icra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" MMC-nin şikayətini nəzərdən keçirib, iş materiallarını və icra işi materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-397/2023 saylı icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Şikayətə əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-397/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 2864 (iki min səkkiz yüz altmş dörd) manat borc və 48 (qırx səkkiz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 2864 manat və 48 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC -yə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxi olmuş, tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən borclu barəsində məcburi icra tədbirlərinə başlanmışdır. "Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun bank hesablarının və vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. "Elektron icra" informasiya sitəmindən əldə edilmiş məlumata əsasən borclunun mülkiyyətində hər hansı əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir. Dundan elave "Elektron icra" informasiya sistemi vasitəsilə borclunun birgə nikah dövründə əldə etdiyi əmlak vəziyyəti yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə icra sənədi üzrə tələbin icrasının mümkün olmaması barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. -45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. -45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. -82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. -84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. -84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. İş materiallarından da göründüyü kimi icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlanılmışdır (icra işi № e114214/2023-15-2). İcra sənədi üzrə tələb cəmi 2912 manatdır. Bununla belə, könüllü icra müddəti bitməsinə və icra sənədinin icra şöbəsinə daxil olduğu vaxtdan uzun müddət – 2 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra olunmamışdır. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Həmçinin icra məmurunun məhkəmə iclasında iştirakının təmin edilməsi və icra işinin məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclasları təxirə salınmış, bununla belə icra məmuru məhkəmə iclaslarında iştirak etməmişdir. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmiş, elektron sorğularla kifayətlənmiş, həmçinin icra sənədinin qaytarılması barədə qərar formal əsaslandırılmış, bununla da icra qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən onun haqlı şikayətinə səbəb olmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: - 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, tələbkar "xxxx" MMC-nin şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-397/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-397/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar