Məhkəmə qərarları › İş №8(005)-322/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-322/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-322/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rafail Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pu məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Borclu icra sənədi üzrə hal-hazırda 840 manat məbləğində aliment borcu mövcuddur. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “MERCEDES BENZ 300D MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasistəsi üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək dərhal tələbin könüllü icra olunması barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu bildirişi xx.xx.2024-cü il tarixdə imza etməklə almışdır. - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, tərəfə tələbin dərhal icra edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmənin icra sənədi borclu tərəfindən icra edilmədiyindən bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar