Məhkəmə qərarları › İş №8(005)-33/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-33/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-33/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunın təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Həmin tarixdən etibarən icra məmuru tərəfindən icra sənədlərinin icraatının təmini istiqamətində icra tədbirləri davam etdirilmişdir. Məhkəmə qərarının könüllü icra etmədiyinə görə dəfələrlə borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin xəbərdarlıq məktubuna hər hansı münasibət bildirilməmişdir və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etməsi ehtimalını artırır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən əsasən Borclu 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək xx.xx.1964-cü il təvəllüdlü, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar