Məhkəmə qərarları › İş №8(005)-330/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-330/2025

14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-330/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin icraata xitam verilməsi haqqında qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və Nərimanov rayon Məhkəməsinin 2(005)-3940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Talib oğlundan cəmi 15222,91 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələbkar adından Nərimanov rayon İcra şöbəsi ilə əlaqə saxlanılaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-3940/2022 saylı, xx.xx.2022 ci il tarixli icra sənədinin icrası vəziyyəti sorğulanan zaman həmin şöbədən bildirilmişdir ki, icra məmuru Babək Qarayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra işi üzrə icraata xitam verilərək, icra sənədi Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. İcra işi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərar qəbul etməsinin səbəbi kimi isə Borclu Talib oğlunun vəfat etməsi göstərilmişdir. İcra məmurunun qərarı tələbkar "xxxx" ASC-yə göndərilməmişdir. Rəsmi müraciətə əsasən qərarın surəti xx.xx.2025-ci il tarixdə tələbkar "xxxx" ASC-yə təqdim edilmişdir. Borclu və icra məmuru, tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən şikayətə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə Borclu arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 2301***-*******02L nömrəli kredit limiti müqaviləsi ləğv edilərək, cavabdeh Borclu Talib oğlundan 13763.24 AZN əsas borc, 1324.41 AZN faiz borcu, 0 manat cərimə, 135.26 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmuşdur; Nərimanov Rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3940/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2022-ci il tarixində vəfat etdiyindən və heç bir vərəsəsi olmadığından, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3 və 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir; Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən “Femida” Vəkil Bürosunun vəkili Mirağa Ağamirova göndərilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022ci ildə vəfat etmiş Borclu ölümü ilə bağlı V-8/2022 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmiş və miras əmlaklara X1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 20.1.3 və 31-ci maddələrinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədi üzrə icraata xitam verilməsi yalnız qanunvericiliklə sadalanmış hallarda mümkündür. Hazırki iş üzrə icra məmurunun borclu öldüyündən icra sənədi üzrə icraata xitam verməsi barədə qərarı qanunauyğun qərar hesab edilə bilməz. Belə ki, mövcud icra qanunvericiliyinə əsasən icraat zamanı fiziki şəxs öldükdə icra məmuru qanunvericiklə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz etməlidir. Hazırki iş materiallarından isə icra məmurunun qanunun tələblərinin yerinə yetirilməsi üçün hər hansı bir tədbir görməsi öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməli və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Nərimanov Rayon Məhkəməsinin 2(005)-3940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar