Məhkəmə qərarları › İş №8(005)-341/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-341/2023

17.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-341/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2022-027 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu Sadıqlı (Məmmədova) Aidə Loğman qızının inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə iddiaçı Tələbkar xx.xx.2016cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12.00-dan 17.00-dək, azyaşlının doğum günündən 1 gün əvvəl isə saat 12.00-dan saat 20.00-dək ananın iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaları üçün görüş verilməlidir, ünsiyyət şəxsi görüş formasında həyata keçirilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclu Sadıqlı (Məmmədova) Aidə Loğman qızının icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, buna baxmayaraq borclu Sadıqlı (Məmmədova) Aidə Loğman qızı şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Borclu nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Borclu icra sənədinin icrasına mane olmur, uşağının atası ilə görüşməsinə həmişə imkan yaradır. Eyni zamanda Borclu icra məmurunun çağırışı ilə Nərimanov rayon icra şöbəsində olmuş və müvafiq izahat vermişdir. Bu səbəbdən icra məmurunun borclunun məcburi gətirilməsi barədə təqdimatının təmin edilməyərək geri qaytarılması və ya iş icraata üzrə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsas olmadığından təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 275/2022-027 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12.00-dan 17.00dək, azyaşlının doğum günündən 1 gün əvvəl isə saat 12.00-dan saat 20.00-dək ananın iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaları üçün görüş verilməsi, ünsiyyətin şəxsi görüş formasında həyata keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 275/2022-027 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2022-027 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Sadıqlı (Məmmədova) Aidə Loğman qızının Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Nərimanov Rayon İcra Şöbəsində Borclu xx.xx.2023-cü il tarixində alınmış izahatdan görünür ki, borclu icra şöbəsində olmuş və izahatında icra sənədini icra etdiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi məcburi gətirilmənin tətbiq edilməsi üçün borclunun ilk öncə icra məmurunun çağırışına və ya icra hərəkətlərinin aparıldığı yerə gəlməkdən boyun qaçırması əsası olmalı, boyun qaçırdığı halda isə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı tərəflərə göndərilməlidir. Belə ki, qanunverici icra məmurunun həmin qərarından borclunun şikayət vermək hüququnu müəyyən etmişdir. Lakin hazırki iş materiallarından görünür ki, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar əlavə edilmiş olsa da, onun borcluya göndərilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin borclunun etrazından və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gedərək izahat vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2022-027 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar