Məhkəmə qərarları › İş №8(005)-343/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-343/2024

27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-343/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı Tələbkar cavabdeh X4 qarşı “pul" tələbinə dair mülki iş üzrə X1nun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1865/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1865/2023 nömrəli icra sənədinin hər ay 100 manat olmaqla hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1865/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 4000 (dörd min) manat alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iş Nərimanov rayon İcra şöbəsinin icraatındadır. Ərizəçi maddi vəziyyəti ağır olduğu üçün 4000 manat pulu birdəfəlik ödəməyə maddi imkanı çatmadığını qeyd etmişdir. O, rəsmi olaraq işləyir və 600 manat əmək haqqı alır, ailəlidir və ailədə yeganə qazanc əldə edən şəxsdir. Onun və həyat yoldaşının xərcləri də aldığı 600 manat əmək haqqı ilə ödənilməkdədir. Bu səbəbdən hər ay özünün və ailəmin saxlanılması üçün xərclər nəzərə alınmaqla borcdan cəmi 100 manat ödəməyə maddi imkanı çatır. İcra məmuru tərəfindən borcun əmək haqqına yönəldilməsi istiqamətində addım atılması əvəzinə ondan borcu birdəfəyə ödəməyi tələb olunur ki, buna da onun maddi imkanı əl vermir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mövcud maddi vəziyyətinin ağır olduğunun nəzərə alınmasını, 4000 manat məbləğin hər ay 100 manat olmaqla ödəmək imkanı olduğunu bildirmiş və bu barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu - ərizəçi, tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1865/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəçi - X1nun ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1865/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 4000 (dörd min) manat alınaraq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. İlkin olaraq ərizəçi - borclu tərəfindən əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən “Elektron Məhkəmə” informasiya sistemindən borclu barəsində edilmiş çıxarışlardan görünür ki, borclunun adına bir nəqliyyat vasitəsi qeydə alınmışdır. "xxxx" Firmasında direktor vəzifəsi ilə aylıq əmək haqqı 350 manat, "xxxx" MMC-də icraçı direktor vəzifəsi ilə əmək haqqı 350 manatdır. Həmçinin borclu xx.xx.2007-ci il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olduğundan onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən məbləğlə ayda 100 manat olmaqla hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin hissə-hissə icrası ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1865/2023 nömrəli icra sənədinin hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar