Məhkəmə qərarları › İş №8(005)-346/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-346/2024

24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-346/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Sığorta Şirkəti ASC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun qərarından məhkəməyə şikayət verərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsini və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2061/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə borclu X1 və X2 əsas borc kimi 1080 manat pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun, cəmi 1110.40 manat pulun tutularaq tələbkar “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir və icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Emil Zeynalovun icraatına verilmişdir. Daha sonra iş üzrə tərəflərdən X6 apelyasiya şikayəti vermiş, nəticədə iddianın cavabdeh X4 qarşı yönəlmiş hissəsi rədd olunmuş və yeganə cavabdeh kimi X7 müəyyən edilmişdir. Sonradan icra şöbəsi ilə şifahi əlaqə yaratdıqları zaman onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli qərarı ilə icra məmuru işi araşdırmadan, zəruri tədbirləri görmədən icra sənədini məhkəməyə geri qaytarmış və tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir rəsmi məlumat təqdim etməmişdir. Hətta dəfələrlə, icra şöbəsinə yazılı sorğu göndərərək “icra sənədinin məhkəməyə qaytarılması barədə" qərarın surətinin göndərilməsini xahiş etsələr də, icra şöbəsi tərəfindən sənədlər rəsmi qaydada təqdim edilməmişdir. Nəhayət, bu gün xx.xx.2024-cü il tarixində şəxsən Nərimanov rayon İcra və Probasiya şöbəsinə gedərək qərarın surətini almağa nail olmuşlar. Göründüyü kimi icra məmuru icrası mümkün olmayan icra sənədi ilə bağlı tələbkara heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu onu göstərir ki, icra məmuru icra sənədini icra etmək niyyətində deyil və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3 və 23.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. İcra məmuru tərəfindən tərtib olunmuş akt iş materiallarına əlavə edilsə də, həmin aktın mötəbərliliyi də şübhə doğurur, çünki bu akt sadəcə formal olaraq tərtib edilmişdir. İcra məmuru guya borclunun yaşadığı ünvana getdiyini və heç bir dəyərli əşya, əsginaz aşkar edilmədiyini bildirmişdir. Lakin həmin mənzilə və oradakı əşyalara baxış keçirdiyini təsdiqləyən nə foto, nə video görüntünü əlavə etməmiş, həqiqətən həmin mənzilə baxış keçirdiyini təsdiqləyən faktları təqdim etməmişdir. Həmçinin tərtib edilmiş aktda icra məmurlarından başqa hal şahidi kimi X11 qeyd olunsa da, şəxsin kimliyi barədə heç bir məlumat verilməmişdir. Bu da öz-özlüyündə aktın mötəbərliliyinə şübhəni artırır. AR Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərininin dəqiq siyahısı təsdiq edilmişdir. Beləliklə, həqiqətən əmlaka baxış keçirən icra məmuru tərəfindən həmin siyahıda nəzərdə tutulmuş əşyalar istisna olmaqla, borcluya məxsus qalan bütün əşyalara tələbin yönəldilməsinə yol verilir. Bundan başqa icra sənədi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun axtarılması nəzərdə tutulsa da icra məmuru həmin istiqamətdə heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8 şikayət ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2061/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə X7 və X2 1080 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1110.40 manat pulun iddiaçı "xxxx" Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir; - İcra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu X7 tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak və gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borclunun ünvanında olan zaman ünvana baxış keçirilmiş, ünvanda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır; - Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurları X10, X12 və hal şahidi X9 imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman X5 məxsus heç bir dəyərli əşya, əskinaz, qızıl-zinət əşyası aşkar edilməmişdir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.1 və 23.7-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin qaytarılması yalnız qanunvericiliklə sadalanmış hallarda, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra məmuru borclunun mənzilinə baxış keçirməklə kifayətlənərək borclunun adına heç bir əmlak olmadığına əsaslanmaqla icra sənədini qaytarmışdır. Halbuki iş materialları ilə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (borclunun və ya onun əmlakının axtarışı və s. zəruri icra hərəkətlərinin) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin onu verən məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23, 26-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar