Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-355/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun qərarından məhkəməyə şikayət verərək, 24 iyun 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 21 saylı notariat konturunun xx.xx.2021-ci il tarixli icra ilə bağlı icra sənədinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Adı çəkilən qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərar qanunsuz və əsassızdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, borclu şəxsin əmlakı və ya rəsmiləşdirilməmiş biznesi, ticarətlə məşğul olması faktlarının müəyyən edilməsi ilə bağlı hər hansı hüquqi hərəkət etməli olduğu halda etməmiş və sadəcə işi qaytarmaq barədə qərar verməklə kifayətlənmişdir. “İcra haqqında” Qanunun 2.1-ci maddəsində isə deyilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 şikayət ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını, şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X4 xx.xx.2021-ci il tarixində apardığı icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə AZ1033, ünvan 1 ünvanında yerləşən Borclu MMC-dən ********* nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32 manat 71 qəpik pul, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 52 manat 71 qəpik pulun tutulması qeyd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elgiz Qəmbərovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 21 saylı Notariat Kontorunun 5472 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Nərimanov rayon icra şöbəsinin icra məmurları X5, X7, hal şahidləri X6, X2 imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, onlar borclunun qeydiyyatda olduğu ünvanda olan zaman borcluya məxsus olan tələbin yönəldilə biləcəyi hər hansı bir daşınar və ya daşınmaz əmlak tərəflərindən aşkar edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri 21 saylı Notariat Kontorunun 5472 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu MMC-dən 20 manat, 32.71 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclu hüquqi şəxs Borclu MMC-nin icra sənədində göstərilən qeydiyyat ünvanında olmuşlar. Ünvanda olan zaman tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Əmlak vəziyyətinin öyrənilməsi məqsədilə verilmiş sorğulardan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sistemindən əldə edilmiş çıxarışdan borclu hüquqi şəxsin adına daşınar və ya daşınmaz əmlakların olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən icra sənədinin icrası mümkün olmadığından Bakı Şəhəri 21 saylı Notariat Ofisinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1 və 6.1-ci maddələrinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Notariusun icra qeydləri icra sənədi hesab edilir. Həmin Qanunun 23.1 və 23.7-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin qaytarılması yalnız qanunvericiliklə sadalanmış hallarda, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədi hesab edilən icra qeydinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra məmuru yalnız “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarmaqla və borclunun hüquqi ünvanına baxış keçirməklə kifayətlənərək əmlakın aşkar edilməməsinə əsaslanmaqla icra sənədini qaytarmışdır. İş materiallarında icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (o cümlədən borclunun hər hansı əmlakının və ya qiymətli əşyasının yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri icra hərəkətləri və s.) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin onu verən notariat ofisinə qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23,26-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri 21 saylı Notariat Ofisinin 5472 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-355/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-355/2023
31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver