Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-362/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC şikayət ilə müraciət edərək Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarını ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə, cəmi 2439.41 manat məbləğində kredit borcunun və 44.39 manat dövlət rüsumunun tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət eçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamiivafıq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. Bununla yanaşı tələbkar "xxxx" ASC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır və borclunun yaşadığı mənzilə baxış barədə heç bir rəsmi bildiriş verilməmişdir. Bununla yanaşı icra məmuru tərəfindən borclunun bank hesablarmı müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin və tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə icra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin şikayətini nəzərdən keçirib, iş materiallarını və icra işi materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Şikayətə əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Kapital Bank" ASC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM2617023B299 saylı kredit müqaviləsi üzrə 2010,55 (iki min on manat 55 qəpik) manat əsas borc, 428,86 (dörd yüz iyirmi səkkiz manat 86 qəpik) manat faiz borcu olmaqla cemi 2439,41 (iki min dörd yüz otuz doqquz manat 41 qəpik) manat borc və 44,39 (qırx dörd manat 39 qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2106/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənəd üzrə Borclu 2439.41 manat və 44.39 manat dövlət rüsumu tutularaq tələbkar “Kapital Bank" ASC-ye ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. "Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun bank hesablarının və vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. “Elektron icra" informasiya sitemindən əldə edilmiş məlumata əsasən borclunun mülkiyyətində hər hansı əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə “Elektron icra" informasiya sistemi vasitəsilə borclunun birgə nikah dövründə əldə etdiyi əmlak vəziyyəti yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə icra sənədi üzrə tələbin icrasının mümkür olmaması barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədinin Bakı şəhər Nərimanov rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. -45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. -45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. -82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. -84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. -84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. İş materiallarından da göründüyü kimi icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, eyni tarixli qərarla icraata başlanılmışdır (icra işi № e208342/2024- 15-2). Bununla belə, uzun müddət keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra olunmamışdır. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. Qərarda qeyd olunan Akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən haqlı şikayətinə səbəb olmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmə qətnamələri ağlabatan müddətdə icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: - 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, tələbkar "xxxx" ASC-nin şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2106/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2106/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsi icra edilməsi üçün yenidən Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-362/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-362/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver