Məhkəmə qərarları › İş №8(005)-368/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-368/2025

13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-368/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi - borclu X2, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il 2(005)-595/2024 nömrəli Qətnaməsinin icra qaydasını dəyişdirilməsi, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə həftədə bir dəfə, hər həftənin çərşənbə günü saat 11:00-dan saat 16:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 17:00-dək, eləcədə xx.xx.2019-cu il təvəllüdlü X3 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 17:00-dək görüş vaxtı müəyyən edilməsi, görüşün öz iştirakı ilə keçirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həftə içi işlədiyi üçün övladı Tağızadə Davudu N.Nərimanov r., Faiq Yusifov küç, 45A ünvanında yerləşən EDU GRATA Təhsil Mərkəzində məktəbə qədər qrupa həftənin ancaq şənbə və bazar günləri apara bildiyi üçün dərslər də xahişinə uyğun həftənin bu günləri keçirilir. Övladının dərsləri ilə görüş gününün üst-üstə düşməsi onun təhsildən məcbur yayınmasına səbəb olur. Tələbkar 1 saylı Mediasiya təşkilatının mediatorunun vasitəsilə qrafıklə bağlı yerdəyişmə etməyi barədə müraciətinə, olduqca aqressiv reaksiya verməsi, etiraz etməsi, İlkin Mediasiyasından sonra prossesin davam etdirilə bilməməsi ilə nəticələnməsi, həmçinin onun Nərimanov rayonu icra məmuru X1 övladının kursu ilə əlaqədar bizə heç 5 (beş) dəqiqə belə güzəştə getməyəcəyini deməsi yenidən məhkəməyə müraciət etməyə vadar etdi. Görüşün yeni qrafik üzrə hər həftənin çərşənbə günü saat 11:00-dan saat 16:00-dək iştirakı ilə keçirilməsini xahiş edir. Görüşün iştirakı ilə ona görə keçirilməyini xahiş edir ki, Tələbkar və onun valideynləri görüş vaxtı övladına onun və doğmaları haqqında əxlaqa və insani dəyərlərə zidd söhbətlər edir. Ona və yaxınlarına alçaldıcı ləqəblər, adlar qoyur, məsələn ona Zaynur deyir, anasını və qardaşlarını təhqir edir. Ümumiyyətlə ünvanına yaza bilməyəcəyi bir çox təhqirlər edir. Bununla da oğlunun psixikasını, tərbiyəsini pozmuş olur. Düşünür ki, əgər görüşdə özü olsa bu kimi hallar aradan qalxacaq. Əgər mümkünsə, oğlunun atası ilə görüşdükləri məkanda onun da olmağına icazə verilməsini xahiş edir. Yaxınlaşmamaq şərti ilə oğluna yaxın olmaqda məqsədi onu atasının və nənə, babasının mənfi təsirindən qorumaqdır. Oğlu Davudu atası Tələbkar hər dəfə kirayə qaldığı mənzilə aparması fikrincə məntiqə uyğun deyildir. Çünki bu şəxs hal-hazırda subaydır. Övladının qayğısına qala biləcək heç kəs olmadığı üçün görüşlərin evdə deyil uşaq üçün maraqlı ola biləcək əyləncə mərkəzləri, ya da yemək yeyib söhbət edə biləcəkləri yeməkxana, kafelərdə keçirilməsini Tələbkar tələb edir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edərək iddia tələbi qismən təmin etmişdir və yalnız Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 20:00-dək, eləcə də xx.xx.2019-cu il təvəllüdlü X4 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, iddiaçı Tələbkar ad günündə saat 12:00- dan həmin gün saat 20:00-dək görüş vaxtı qətnamə ilə müəyyən etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunan qaydada Tələbkar uşaqla görüşləri təmin edilir və bu günə kinıi həmin görüşlər həyata keçirilir. Ərizəçi məhkəməyə müraciət edərək qeyd olunan qətnamə ilə müəyyən olunmuş uşaqla ünsiyyət qaydasını dəyişdirilməsini tələb edərək qeyd edir ki, övladı Edu Grata təhsil mərkəzində məktəbə qədər qrupa həftənin şənbə və bazar günlərində təhsil aldığına görə, atası ilə görüşməyi mümkün deyil, əlavə olaraq ərizəçi qeyd edir ki, onun iştiraki olmadan atası ilə görüşləri uşağın tərbiyəsinə pis təsir edir. İddiaçının iddia tələbi ilə uşaqla ünsiyyət hüququn təmin edərək həftədə iki dəfə görüş vaxtını təyin edilməsinə və vaxt baxımından saat 10.00 saat 22:00-dək təyin edilməsini xahiş edilsə də, məhkəmə tərəfindən yalnız həftədə 1 dəfə 11:00-dan saat 19:00-dək təyin edilmişdir. Baxmayaraq ki, qətnamə qismən təmin edilmişdir iddiaçı məhkəmə qətnaməsini qəbul etmişdir və qeyd olunan görüş tarixləri ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı Tələbkar müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək X5 övladı xx.xx.2019-cı il təvəllüdlü X9 ilə görüş vaxtlarının hər həftənin 5-ci və bazar günü saat 10:00-dan 22:00dək Tağıyeva (Seyidova) Aynur Mirəli qızının iştirakı olmadan və onun tərəfindən maneələr törətmədən uşağın Tələbkar ilə görüşərək ünsiyyət saxlanılması hüququnun təmin edilməsi barədə qərardad qəbul edilməsim xahiş etmişdir. Məlikəmə ərizəni qismən təmin edərək Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 11:00-dan 17:00-dək görüş vaxtı müəyyən edilsin və ünsiyyət şəxsi görüş formasında (ananın iştirakı olmadan) həyata keçirilməsi və Tələbkar xx.xx.2019-cu təvəllüdlü X9 ilə sərbəst görüşünə maneə törədilməsi cavabdeh X6 qadağan edilməsi barədə qərardad qəbul etmişdir. Qeyd etmək istəyir ki, artıq məhkəmə icraatı zamanı iddiaçı övladı ilə görüşürdü və onun qayğısına qalaraq uşaqla ünsiyyətdə olurdu. Məhkəmənin qətnaməsini təmin olunuduğu qaydada uzun müddət icra edilməsi artıq həm uşaqda həmdə atada bazar günü görüşün olması ilə bağlı emosianal bağlılıq yaranıbdır. Uşaq faktiki olaraq hər həftənin bazar gününü gözləyir ki, atası ilə ünsiyyətdə ola bilsin və vaxt keçirsin. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, qərardadla müəyyən edilmiş müddətdə iddiaçı öz övladı ilə ünsiyyət quraraq övladına şəxsi geyim əşyaları və oyuncaqlarla təmin edir, əyləncə mərkəzlərinə və parklara apararaq uşaqla ünsiyyət qurur. Qeyd etmək istəyir ki, iddiaçının cavabdehlə nikahın pozulmasına baxmayaraq iddiaçı öz ata öhdəliklərini daima yerinə yetirir vaxtı vaxtında aliment ödənişlərini həyata keçirir və uşaqla ünsiyyətdə olaraq onun təlabatlarını təmin edir. Məhkəməyə təqdim olunan fotoşəkillərdən yuxarıda qeyd olunanları görmək mümkündür. Əlavə olaraq qeyd etmək istəyir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə uşağın tərbiyyəsinə atası tərəfindən mənfi təsirlə bağlı göstərilən faktların heç bir hüquqi əsası yoxdur, ərizəçi qeyd olunan faktları heç bir sübutla təsdiq etmir və faktiki olaraq iddiaçının adını ləkələməyə çalışır Qeyd edir ki, cavabdeh dəfələrlə məhkəmədə bu faktları qeyd etsə də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh yalnız uşağın atası ilə ünsiyyətini məhdudlaşdırmağa çalışır və buna görə də hesab edir ki, ərizəçinin iştiraki ilə görüşlərin keçirilməsi əsasızdır. Uşaqla ünsiyyət hüququ ilə bağlı tələblərdə məhkəmə tərəfindən işə baxılarkən həm uşaqların həmdə valideynlərin hüquqları qorunmalıdır. Belə ki, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən ən azı həftənin bir qeyri-iş günü uşaqla ünsiyyətdə olmaq hüququ məhkəmə tərəfindən təmin edilir. Bundan əlavə olaraq qeyd elmək istəyir ki, məhkəmə tərəfindən görüş vaxtı müəyyən edərək uşaqla ünsiyyəti üçün elə qayda (müddət) müəyyən olunmalıdır ki, iddiaçının həftənin qeyri-iş günləri öz övladı ilə sərbəst ünsiyyətinə, onunla asudə vaxtını keçirmək, istirahət etmək imkanlarına mane olmasın. Qeyd etmək istəyir ki, qanunla və məhkəmə təcrübəsi ilə uşaqdan ayrı yaşayan valideyinin hüquqları qorunur və uşaqla real ünsiyyətdə olmaq hüququ məhkəmə tərəfindən təmin olunur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icra qaydasının dəyişdirilməsinə dair borclunun ərizəsi təmin olunmamalıdır. Belə ki, ərizəyə əlavə olunmuş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2462/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2018-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 154 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu təvəllüdlü X3 (anası) Tağıyeva (Seyidova) Aynur Mirəli qızının yanında saxlanılması, cavabdeh Tələbkar xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2019cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Tağıyeva (Seyidova) Aynur Mirəli qızına ödənilməsi qət edilmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 11:00-dan saat 19:00- dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 20:00-dək, eləcə də xx.xx.2019-cu il təvəllüdlü X3 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, iddiaçı Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 20:00-dək görüş vaxtı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən 32 saylı vəkil bürosuna ünvanlanmış 17 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Tələbkar adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən: 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 20:00-dək, eləcə də xx.xx.2019-cu il təvəllüdlü X3 ad günündə saat 12:00dan həmin gün saat 15:00-dək, iddiaçı Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 20:00-dək görüş vaxtı müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə borclu X7 qətnamənin icra qaydasını dəyişdirilməsi, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X9 ilə həftədə bir dəfə, hər həftənin çərşənbə günü saat 11:00-dan saat 16:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 17:00-dək, eləcədə xx.xx.2019-cu il təvəllüdlü X3 ad günündə saat 12:00dan həmin gün saat 15:00-dək, Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 17:00-dək görüş vaxtı müəyyən edilməsi, görüşün öz iştirakı ilə keçirilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, qanunvericiliklə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi imkanı Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında “qətnamənin icra üsulu” və “qətnamənin icra qaydası” anlayışları müəyyən olunub: qətnamənin icra üsulu iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur, qətnamənin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. İcra sənədinin icra üsulunun dəyişdirilməsi məsələsində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə araşdırması zamanı tələbkar (nümayəndəsi və vəkili) ərizəyə etiraz təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət hüququnun icra üsulu və qaydasının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, məhkəmə yaranmış mübahisəni həll edərkən işin bütün hallarını, o cümlədən uşağın yaşını, təhsilini, uşağın və valideynin mənafeyini, valideynlərin hər ikisinin iş və məişət rejimi, uşağın asudə və bayram günlərini hər iki valideyni ilə bərabər keçirmək hüququ və diqqətəlayiq digər halları nəzərə almış, iddiaçının qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməsi üçün uşağı ilə ünsiyyətdə olma vaxtını və müddəti müəyyən etmişdir. Məhkəmə tərəfindən müvafiq qətnamənin icrasına çətinlik törədən və ya tələbkar üçün yaranmış əlverişsiz halların, başqa sözlə icra sənədinin icrası üsulunun dəyişdirilməsinə əsas verən müstəsna halların olması müəyyən olunmamış, ərizəçi – borclu EDU GRATA Təhsil Mərkəzində məktəbə qədər qrupa həftənin ancaq şənbə və bazar günləri apara bildiyini, övladının dərsləri ilə görüş gününün üst-üstə düşdüyünü, habelə Tələbkar və onun valideynlərinin görüş vaxtı övladına onun və doğmaları haqqında əxlaqa və insani dəyərlərə zidd söhbətlər etdiyini və s. bildirərək, qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsini xahiş etsə də, onun tərəfindən buna dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən Tələbkar ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Tələbkar övladı Davud Tağızadə ilə ünsiyyəti icra sənədində göstərilən qaydada təmin olunmuş, yalnız onun - tələbkarın təhsili ilə bağlı ünsiyyət bir neçə dəfə təxirə salınmışdır. Digər tərəfdən məhkəmə qətnaməsi ilə tələbkarın övladı ilə ünsiyyət hüququnun həyata keçirilməsi zamanı borclunun iştirakının olması qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi müstəsna olaraq uşaqdan ayrı yaşayan valideynin övladı ilə sərbəst ünsiyyətini nəzərdə tutur. Bu kimi hüququn uşaqla yaşayan valideynin iştirakı ilə həyata keçiriləcəyinə dair hər hansı müddəa və ya qeyd-şərt nəzərdə tutmur. Odur ki, müvafiq subyektiv hüququn sahibi kimi çıxış edən və uşaqdan ayrı yaşayan valideyn özünün bu hüququnu sərbəst, müdaxiləsiz həyata keçirməlidir. Digər tərəfdən X3 6 yaşı vardır. Onun həftənin bir günü müəyyən saatlar ərzində anasının iştirakı olmadan atası ilə görüşü mümkündür. Bununla yanaşı iş materialları, habelə məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında aqressivlik vardır ki, bu da tələbkarın övladı ilə görüşünün borclunun iştirakı ilə keçiriləcəyi halda, görüşün mahiyyətini səmərəsiz edə bilər. Odur ki, məhkəmə görüşün borclunun iştirakı ilə keçirilməsi hissədə ərizəni əsaslı hesab etmir. Göstərilənlərə əsasən, məhkəmə yuxarıda qeyd olunan normaları əsas tutaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar