Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-370/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə ilə Borclu mülkiyyətində olan “Mercedes Benz CLA 200 AMG minik” markalı, 77-FN- 660 dövlət qeydiyyat nişanlı və “BMW X5 minik" markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 219/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 müştərək qaydada 2022 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2011-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Mercedes Benz CLA 200 AMG minik” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı və “BMW X5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Borclu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, borcun ödənilməsi barədə bildiriş ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, həmin tarixə qədər icra sənədindən məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu, tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarına uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 219/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin surətindən görünür ki, qətnamə ilə Borclu və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1002 manat məbləğində əsas borc, 1000 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu, cəmi 2022 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında borcun könüllü ödənilməsi barədə bildirişin Borclu xx.xx.2011-ci il tarixində göndərildiyi göstərilsə də, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki Borclu məhkəməyə ərizə təqdim edərək borcun könüllü ödənilməsi barədə bildirişi almadığını, yalnız xx.xx.2023-cü il tarixində əldə etdiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunun 44.1.3-cü maddəsinə görə isə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Eyni zamanda “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məcburi icra tədbiri kimi həbsin tətbiq edilməsinin başlıca məqsədi, icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş müddət bitdikdən sonra, tələbkarın pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəmə və digər orqanların qərarlarının məcburi icra edilməsidir. Hazırki iş üzrə məhkəmə tərəfindən iş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Borclu borcunun könüllü ödənilməsi barədə xəbərdar edilməmişdir, bu hal isə məcburi icra tədbirlərinin tətbiqini istisna edir. Belə ki, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icra müddəti bildirişin borcluya təqdim edildiyi andan hesablanır. Hazırki işdə isə bildiriş borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırki vəziyyətdə təqdimatın təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz CLA 200 AMG minik” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı və “BMW X5 minik" markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz CLA 200 AMG minik” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı və “BMW X5 minik" markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-370/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-370/2023
08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver