Məhkəmə qərarları › İş №8(005)-388/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-388/2023

23.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-388/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “X5” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Azera” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Əliyeva (Məmmədova) Aygün Vaqif qızının xeyrinə ödənilməlidir.İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü ildə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. Borclu tələbkar Əliyeva (Məmmədova) Aygün Vaqif qızına müvafiq icra vərəqəsi üzrə 2200 manat məbləğində aliment borcu mövcuddur. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu məxsus “X5” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Azera” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Əliyeva (Məmmədova) Aygün Vaqif qızının xeyrinə tutulmalıdır; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “X5” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Azera” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “X5” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Azera” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus bir ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat qismən təmin edilərək, Borclu məxsus “X5” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır.Təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1753/2023-017 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “X5” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar