Məhkəmə qərarları › İş №8(005)-405/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-405/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-405/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən İcra sənədinə əsasən Borclu xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə tutulmalıdır. Borclu xx.xx.2024-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı ilədək 50 manat miqdarında aliment tutularaq, tələbkar Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Ford Fusion" minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, 18 fevral 2025-ci il tarixdə qətnamə çıxmışdır. 9 aydır ki aliment almır, özü işləmir. Borclu tərəfindən şənbə günü onun hesabına 3000 manat ödənilmişdir. Lakin bu tam borc deyildir. Borclunun əmək haqqı 3000 manat təşkil edir, bundan əlavə mükafatları da olur. Uşağın xərclərini ödəyə bilmir. Onun dərmanlarına pul xərcləyir. Borclunun 3000 manat əmək haqqı almasına dair hər hansı bir sübutu yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək bildirmişdir ki, alimentin ödənilməsinə etiraz etmir. Lakin icra şöbəsi tərəfindən ona nə qədər məbləğ ödəməli olduğu barədə məlumat verilmir. X3 Xidmətində işlədiyinə görə elektron sistemdə əmək haqqı göstərilmir və rəsmi olaraq bu barədə iş yerinə sorğu göndərilməmişdir. Dəfələrlə bununla bağlı icra şöbəsinə yaxınlaşmışdır, onlar tərəfindən sorğu verildiyi bildirilsə də, iş yerindən bildirilmişdir ki, bu barədə sorğu daxil olmamışdır. Özü ödənilməli olan məbləğin qədərini bilmir. Dəfələrlə onlara ödənilməli olan məbləğin deyilməsini bildirmişdir. Alimentin ödənilməsindən boyun qaçırmır, sadəcə olaraq ödənilməli olan məbləğin qədərini və hansı depozit hesabına ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə tutulmalıdır. Borclu xx.xx.2024-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı ilədək 50 manat miqdarında aliment tutularaq, tələbkar Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "FORD FUSİON" minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən "FORD FUSlON” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli "xxxx" ASC BPM**********34 saylı mədaxil qəbzindən görünür ki, Borclu tərəfindən aliment ödənişi təyinatı ilə Tələbkar hesabına 3000 (üç min) manat ödəniş edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə tutulmalıdır. Borclu xx.xx.2024-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı ilədək 50 manat miqdarında aliment tutularaq, tələbkar Adıgözəlova (Hünbətova) Təhminə Eyvaz qızının xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuş, hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, borclunun icra sənədi üzrə borcunun məbləği göstərilməmişdir. Həmçinin təqdimatı verən orqanın icra məmurunun məhkəmə iclasında iştirakının təmin edilməsi və icra işinin məhkəməyə təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclasları təxirə salınmış, bununla belə icra məmuru məhkəmə iclaslarında iştirak etməməklə təqdimatın dəlillərinə (borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi; icra şöbəsi tərəfindən borclunun iş yerinə əmək haqqına dair sorğu verilməsi; onun icra sənədi üzrə aliment borcunun məbləği və s.) dair izahat verməmiş, təqdimatın əsaslılığına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən borclu məhkəmə iclaslarında iştirak edərək, daimi iş yerinin – aylıq əmək haqqının olduğunu, icra sənədi üzrə borcunun məbləğinin ona deyilmədiyini və s. bildirərək, təqdimata etiraz etmişdir. Bununla yanaşı, Borclu tərəfindən məhkəməyə təqdim olunmuş mədaxil qəbzi ilə müəyyən olunur ki, borclu tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə aliment ödənişi təyinatı ilə Tələbkar hesabına 3000 (üç min) manat ödəniş edilmiş, borclu icra sənədinin icrasından yayınmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun əmlakı üzərinə həbs qoyulmasının əsaslılığı sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulması borclunun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-995/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın - "Ford Fusion" minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar