Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-41/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, X1, onun etibarnamə üzrə nümayəndəsi (atası) X4 iştirakları ilə X1 Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1137/2024 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2023-cü il təvəllüdlü X10 ilə ünsiyyəti hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında (Vtorçermet qəsəbəsi) hər həftənin şənbə günü saat 11:00-da Borclu tərəfindən ona, həmin gün saat 18:00-da onun tərəfindən Borclu təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1137/2024 saylı qətnaməsinə əsasən övladı xx.xx.2023-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmağı üçün görüş vaxtı təyin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Nərimanov rayonu İcra şöbəsinə göndərilmiş, icra məmuru Azər Əliyevin icraatındadır. Qətnamə çıxarılan vaxt onun qızı bir neçə aylıq idi, hazırda isə təxminən 1 yaş yarımlıq uşaqdır. Qətnamənin icra üsulu və qaydası (vaxtı, yeri,forması, şəraiti və s.) aydın şəkildə qeyd edilmədiyindən, cavabdeh bundan sui-istifadə edir. 1 ilə yaxin müddət ərzində o, qızı ilə yalnız icra şöbəsində bir otaqda qapalı şəraitdə görüşmüşdür. Çünki, uşağın anası uşağın yalnız icra şöbəsində görüşməsini təkid edir. Uşaq isə qapalı şəraitdə qalmaqdan sıxılır, azyaşlı olmasına baxmayaraq, çölə çıxmaq və cəmiyyət içərisində olmaq istədiyini bildirir. Uşağın belə bir şəraidə ünsiyyətdə olması onun normal böyüməsi, formalaşması, əylənməsi, istirahətinə pis təsir göstərir. Uşaq ünsiyyətdə olmaq üçün qapalı şərait olan evdən yenə də qapalı şərait olan icra şöbəsində olan otağa gətirilir. Bu isə uşağın ətraf mühitlə təmasını faktiki olaraq aradan qaldırır, normal böyüməsi və formalaşmasına çox pis təsir göstərir. Bu səbəblərə və əsaslara görə qəbul edilmiş məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişdirməyə ehtiyac yaranmışdır. Məhkəmə iclasında iştirak edən X2, onun etibarnamə üzrə nümayəndəsi (atası) X6 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdilər. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, lakin tələbkar məhkəməyə ərizə ünvanlayaraq hüquqlarının kobud şəkildə pozulduğunu, həyatının təhlükədə olduğunu nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və borclunun ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1137/2024 saylı qətnaməsinin surətindən görünür ki, X5 iddiası qismən təmin edilmiş, övladı xx.xx.2023-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ananın (Borclu) iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. AZ-İV seriyalı, 921978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Sadiq Əzizağa oğlunun və Borclu birgə nikah dövründən olan övladlarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, ərizəçiın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli, 15 nömrəli Qərarında qeyd edilmişdir ki: 3.2-ci bəndinə əsasən bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. 2.5-ci bəndinə əsasən 12-ci bəndin mətni 12.2-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 12.1- ci bənd əlavə edilsin: “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”. “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”. Göründüyü kimi, qanunvericilikdə qətnamədə nəzərədə tutulmuş onun icra üsulunun və qaydasının ərizəçinin hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi mümkünlüyü nəzərdə tutulur. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1137/2024 saylı qətnaməsi ilə X7 övladı xx.xx.2023-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ananın (Borclu) iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, uşağın anası, yəni Borclu uşağı ilə ünsiyyətə yalnız icra şöbəsində qapalı otaqda şərait yaradır. Bu isə onun uşağı ilə rahat ünsiyyət qurmasına maneə törədir, həmçinin uşağın qapalı məkanda olması uşağa pis təsir edir. Odur ki, uşaq ilə ünsiyyət icra şöbəsindən kənarda həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin, həmçinin uşağın mənafeyini nəzərə alınaraq, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəçi övladı ilə yalnız icra şöbəsində qapalı məkanda görüşməsi, onların ünsiyyətini müəyyən mənada məhdudlaşdırır. Çünki ərizəçinin uşağı ilə gəzmək, onu uşaqlar üçün nəzərdə tutulmuş müəyyən yerlərə aparmaq imkanı məhdudlaşdırılır və ata olaraq uşağa qayğısını tam şəkildə göstərə bilmir. Bu isə öz növbəsində uşağın atası ilə olan bağlılığın azaldılması ilə nəticələnəcəkdir. Həmçinin ərizəçi “hər həftənin şənbə günü saat 11:00-da Borclu tərəfindən ona, həmin gün saat 18:00-da onun tərəfindən Borclu təhvil verilməsini” xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müəyyən edilmiş ünsiyyət vaxtının hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək artırılması uşağın mənafeyinə zidd deyildir, əksi olaraq uşağın inkişafına və ata ilə bağlılığına müsbət təsir göstərəcəkdir. Lakin ərizənin uşağın Borclu təhvil verilməsi hissəsi təmin edilməməlidir. Qətnamədə uşaq ilə ünsiyyət ananın iştirakı ilə həyata keçirilməsi müəyyən edilmiş, qətnamə çıxarılan müddətdən hazırki vaxtadək qısa müddət keçmiş və həmçinin uşağın yaşı nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaq ilə ünsiyyət ananın iştirakı ilə davam etdirilməlidir. Uşaq ilə ünsiyyət tərəflərin və cra məmurunun müəyyən etdiyi məkanda (icra şöbəsindən kənarda) həyata keçirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən uşaqla ünsiyyətin icra üsulu və qaydası dəyişdirilsin. X5 övladı xx.xx.2023-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək ananın (Borclu) iştirakı ilə tərəflərin və cra məmurunun müəyyən etdiyi məkanda (icra şöbəsindən kənarda) görüş vaxtı müəyyən edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-41/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-41/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver