Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-438/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 157/2023 saylı icra sənədi üzrə X1nın qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-157/2023 nömrəli qətnaməsinin könüllü icrası üçün ona 2 ay müddətində möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh qisminda ona qarşı "mənzilin boşaldılması" tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianı iddia tələbindən kənara çıxaraq təmin etmiş, cavabdeh X2 Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. İddiaçının ərizəsi əsasında məhkəmə xx.xx.2023-cü il tarixdə əlavə qətnamə çıxarmış, cavabdeh X5 və himayələrində olan azyaşlı uşaqlarla birlikdə əşyalarının Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qəl edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. Lakin bildirir ki, hal-hazırda başqa yaşayış ünvanı və yaşayış yeri yoxdur. Mənzildə əşyaları var. Köçürməyə evi, saxlanc yeri yoxdur. Ailədə birinci qrup əlil uşağı var. özü isə açıq ürək əməliyyatı keçirmişdir, xəstədir, sağlamlığında ciddi problemlər var. Əvvəlki məhkəmə iclasında iştirak edən borclu - ərizəçi X3 ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onu evdən haqsız olaraq çıxarmışdırlarr. Lakin özü mənzildən çıxır. Həmin mənzildən başqa mənzili yoxdur, öhdəliyində iki azyaşlı uşaq var. Evdə həm özü, həm oğlu, gəlini və iki uşaqları yaşayır. Bir nəvəsi iflicdir, gəzmir. Hazırda ev axtarır, evdən çıxacaqdır. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə etiraz edərək bildirmişdir ki, 42 yaşında xəstə oğlu var. Qarşı tərəfə 2023-cü ildən bugünədək vaxt verilmişdir və hazırda özünə də bu hal çətindir. Qətnamənin icra olunmasını xahiş edir və bilir ki, onların qalacaq evləri var. Təklif edir ki, borclu bütün əşyalarını akt tərtib edərək orada qoysun və mənzil tapanda götürsün. Özü ikinci qrup əlildir. Əgər bilsə idi, heç o evi almazdı. Evi alanda 8-9 ay ərzində məhkəməyə verməmişdirlər, çünki borclu bildirmişdir ki, evi boşaldacaqdır. Bu müddətdə Gəncə şəhərində qalmışlar. Oradan gəlmək onun üçün çətindir. Məhkəmə üç ildən artıq davam etmişdir. Sentyabr ayından qərar qüvvəyə minib, lakin hələ də icra olunmur. Dəfələrlə vaxt istəyir və məqsədi vaxtı uzatmaq olub. Borclu - ərizəçi xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, artıq kirayə mənzilə köçdüyünü, evi tam köçürə bilməyi üçün 5 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlər ilə birlikdə tədqiq edərək hesab edir ki, X1nın ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-157/2023 nömrəli qətnaməsi ilə cavabdeh X2 Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Belə ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş (icra işi № e265615/2024-15-2), bununla belə uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkar qətnamənin icrasına möhlət verilməsi barədə ərizəyə etiraz etmişdir. Digər tərəfdən borclu xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, artıq kirayə mənzilə köçdüyünü, evi tam köçürə bilməyi üçün 5 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, hazırda borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla X1 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-157/2023 saylı icra sənədinin icrasına möhlət verilməsinə dair ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 157/2023 saylı icra sənədi üzrə X1nın qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-438/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-438/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver