Məhkəmə qərarları › İş №8(005)-443/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-443/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-443/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2011/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirinov Elvindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2011/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilərək tutulmuş aliment məbləğinin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Abdulova (əvvəlki soyadı ilə “Şirinova”) Nərmin Fazil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 ilə xx.xx.2018-ci il tarixdə 3675 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində qalması və X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq iddianın qismən təmin edilməsi barədə 2(005)-2011/2021 nömrəli qətnamə qəbul edilmişdir. Hazırda alimentin məbləği yaşayış minimumunun hədlərindən aşağı olduğu üçün indeksasiya olunması məqsədilə hazırki ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasınında iştirak edən X3 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borclu lazımi qaydada məlumatlandırılsa da, borclu heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2011/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şirinova (Abdulova) Nərmin Fazil qızı ilə Şirinov Elvin arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 5 saylı Bakı “Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 3675 nömrə ilə qeydə alınmış nikah pozulması,Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçı (anası) Şirinova (Abdulova) Nərmin Fazil qızının yanında qalması, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirinov X2 xeyrinə hər aya görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə rədd olunmuş, alimentin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Növbəti dəfə minimum aylıq əmək haqqı 2022-ci ilin yanvar ayından artırılmışdır. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,7 mislini təşkil edir. Tələbkar ərizəsində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmasını xahiş etdiyindən, məhkəmə tələbdən kənara çıxmamalı, ərizə təmin edilməli və aliment tələb olunan həddə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2011/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar