Məhkəmə qərarları › İş №8(005)-445/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-445/2022

21.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-445/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatı onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, icra sənədi icraata daxil olduqdan sonra aliment borcu yarandığı üçün borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, borclunun əmlakı üzərinə həbs qoyulmuş, 2017-ci ildə aliment borcu ödənildikdən sonra məcburi icra tədbirləri ləğv olunmuşdur. Tələbkar qız rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək 3850 manat aliment borcunun yarandığını, borclu tərəfindən alimentin tam ödənilmədiyini, maddi durumunun ağır olduğunu, bu səbəbdən borclu barəsində zəruri icra hərəkətlərinin həyata keçirilməsini xahiş etmiş, Borclu icra sənədində qeyd edilən ünvanda yaşamadığı üçün barəsində axtarış elan edilmiş, xx.xx.2019-cu il tarixdə şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, həmin gün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, tələbkar 1500 manat aliment ödəniləcəyi təqdirdə qalıq borcun hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsinə etiraz etmədiyi üçün inzibati xəta haqqında protokolun geri qaytarılması barədə məhkəməyə müraciət olunmuş və bu barədə qərar qəbul olunmuşdur. Lakin borclu verdiyi vədə əməl etməmiş, onunla əlaqə yaratmaq mümkün olmamış, bu səbəbdən xx.xx.2020-ci il tarixdə barəsində təkrar olaraq axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə borcludan izahat alınmış, borclu işləmədiyini, maddi durumunun ağır olduğunu, 2021-ci ildə 1700 manat aliment ödədiyini, aliment öhdəliyindən yayınmadığını, ağır xəsarət alması səoəbindən uzun müddət səhhətində problemlər olduğunu, iş tapmaqda çətinlik çəkdiyini, 7250 manat aliment borcundan halhazırda 500 manat ödəyə bildiyini, borcunu tam ödəyə bilmədiyini izahatında qeyd etmiş, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1948/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə borclu barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra sənədi araşdırılarkən Borclu xx.xx.2022-ci il tarixə 7250 manat məbləğində aliment borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədləri üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. İcra məmuru hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında xx.xx.2015-co ıl tarixdə qərar qəbul etmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulmalı heç bir daşınar və daşınmaz əmlak, həmçinin iş yeri aşkar edilməmişdir. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)-3414/19 saylı qərardadından grünür ki, Borclu barəsində inzibati xəta haqqında protokol geri qaytarılmışdır. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1948/2 saylı qərarından görünür ki, Borclu barəsində 8(səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. - İş materiallarında olan ərizədən görünür ki, tələbkar 1500 manat aliment ödəniləcəyi təqdirdə qalıq borcun hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsinə etiraz etmir. - Borclu haqqında məlumatlardan görünür ki, Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli №2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar