Məhkəmə qərarları › İş №8(005)-452/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-452/2020

27.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-452/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Borclu X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2422/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2422/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə 8.000 (səkkiz min) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun X2 alınaraq, X5 ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-2422/2018 saylı icra vərəqəsi verilmişdir. Hal-hazırda qeyd edilən mülki iş Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsində icraatdadır. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx-2019-cu il tarixdə “borclunun əmlakının axtarılması haqqında" qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə tərəfin mülkiyyətində olan “Mersedes Benz R 240" minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(103)-702/2019 saylı qərardadı ilə X4 tərəfindən verilən apelyasiya şikayəti təmin edilməmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni könüllü icra etmək fikrindədir. Lakin hazırkı vəziyyətdə bütün məbləği ödəmək imkanı yoxdur. Belə ki, onun barəsində qanunsuz olaraq cinayət işi başlanılmış, nəticə etibarilə barəsində bəraət hökmü qəbul edilmişdir. Barəsində cinayət işi olduğu üçün uzun müddət işləyə bilməmişdir. Bəraət aldıqdan sonra vəzifəsinə bərpa edilmişdir. Bakı şəhəri, Sabunçu RPİ-nin 1.3-cü PB-nin baş təhqiqatçısı vəzifəsində xidmət etdiyini bildirmişdir. Hal-hazırda onun vəzifə maaşı 1370 manatdır. Həmin məbləğin bir hissəsi kreditinə yönəldilir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ilə o Beynəlxalq bankdan 15.000 (on beş min) manat pul götürmüş və həmin müqavilə üzrə hər ay 433 manat 60 qəpik faizə pul ödəməyi öhdəsinə götürmüşdür. Habelə “lUnibank'”-dan kredit olaraq götürdüyü pul üçün hər ay 96 manat pul ödədiyini qeyd etmişdir. Beləliklə, o tələbkara hər ay 500 (beş yüz) manat ödəyə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, ondan 8.000 (səkkiz min) manat alınaraq, tələbkar X5 verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin hissə-hissə -yəni hər ay 500 (beş yüz) manatın ondan alınaraq tələbkara verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir Tələbkar, borclu və İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəsini, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2422/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X2 8.000 (səkkiz min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, X5 ödənilməsi qət edilmişdir. Ərizəçi maddi vəziyyətinin ağır olması barədə sübut təqdim etməmiş, qətnamənin hissə-hissə icra edilməsi üçün əsaslar göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. X8 Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarın 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu X9 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2422/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar