Məhkəmə qərarları › İş №8(005)-452/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-452/2023

26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-452/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Quba rayon İcra və probasiya şöbəsinin məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair xx.xx.2023-cii il tarixli qərarının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona Quba Rayon İcra və Probasiya şöbəsindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsinə əsasən həmin qətnamə ilə dəyişdirilmiş alimentin 15 sentyabr 2020-ci ildən hesablanmalı olması haqqında qərar daxil olmuşdur. Qərarda Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun 44.979 manat aliment borcunun olduğu bildirilmişdir. Lakin onun bu qədər aliment borcu yoxdur və ümumiyyətlə Quba Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz qəbul olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2/103/-2710/2021 saylı qətnaməsi cavabdeh Mayis Abdullayevin onu aldığı 18 may 2021-ci il tarixindən 2 ay sonra, yəni 18 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Qanunun tələbinə görə, məbləği dəyişdirilmiş aliment bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablanılır və bu halda da Mayis Abdullayevdən dəyişdirilmiş aliment məhkəmə qətnaməsi - bu halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi 18 iyul 2021-ci ildən hesablanmalıdır. Həmçinin bildiririk ki, icra işi Quba rayon İcra və Probasiya Şöbəsində aparılmalı deyildir. İş üzrə borclu X1 şəhəri, N.Nərimanov küçəsi, ev 21 a, mənzil 23 ünvanında qeydiyyatdadır və bu ünvanda da yaşayır. Bu barədə X18 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədova rəsmi məlumat vermişdir və dəfələrlə icra işinin aidiyyatı üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Lakin Quba rayon icra və Probasiya Şöbəsi onlara məlum olmayan sənədlərdən icrası ona aid olmayan icra sənədini icra etməkdə davam edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 iddiası qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq X4 xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçı X11 ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2710/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2214/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Quba Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Quba Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214 saylı icra sənədi üzrə X2nun aliment borcunun 44979 manat olduğu müəyyən edilmişdir. “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin qanunun 87.1-ci maddəsində isə qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarına görə, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228- 232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir... Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir... İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qanunvericiliyinin yuxarıda qeyd edilən normalarını və Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında əks olunmuş hüquqi mövqeləri qarşılıqlı şəkildə təhlil etdikdə belə qənaətə gəlmək olar ki, icra sənədi üzrə icraata xitam verilməsi bilavasitə mülki işin davamı olduğundan həman qərardan verilmiş şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalıdır. Digər hallarda isə qanunvericinin tələbinə uyğun olaraq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə baxılarkən müvafiq hərəkətin qanuniliyinin yoxlanılması məqsədilə icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməlidir. Göstərilən hallar məhkəməyə əlçatımlılığın təmin edilməsinə xidmət edir. O da nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən rayon məhkəməsinin verdiyi icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə inzibati məhkəmə tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən (qərarından) icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət verilməli olduğundan şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X8 izah olunsun ki, müvafiq qaydada tərtib olunmuş şikayət ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar