Məhkəmə qərarları › İş №8(005)-453/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-453/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-453/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, X2, onun nümayəndəsi və vəkili Vəkil, Tələbkar iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi üzrə yığılmış 10500 manat aliment borcunun silinməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay cəmi 150 manat sabit pul məbləğində olmaqla, ümumilikdə hesablanmış 10500 manat məbləğində alimentin silinməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh X9 qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulması və birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X10 onun yanında saxlanması və övladların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay 150 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 nömrəli qətnaməsinə ilə nikahın pozulması və birgə nikahdan anadan olan uşaqların onun yanında saxlanması, xx.xx.2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən nikah pozulsa da, onlar qardaşına məxsus evdə yaşamağa davam etmiş və birgə təsərrüfat aparmışlar. Övladlarına baxmış, uşaqlarının və rəsmiyyətdə tələbkar keçmiş arvadı olsa da, saxlanılması üçün lazım olan bütün xərcləri qarşılamışdır. Tərəflər arasında nikahın pozulması formal xarakter daşımış və 2024-cü ilin iyul ayının sonlarına qədər aralarında olan münasibətlər normal olmuşdur. Belə olmasaydı o, 2018-ci ildən dərhal sonra və ya bir neçə müddət keçdikdən sonra məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində icraya yönəldilməsini tələb edərdi və bununla bağlı məhkəməyə ərizə təqdim edərdi. xx.xx.2024-cü ildə əlavə qazanc əldə etməkdən ötrü Gürcüstan Respublikasına getmiş və orada işləyərək yenə də öz ailəsinin saxlanılması üçün zəruri vəsaitləri qardaşı vasitəsi ilə ailəsinə göndərmişdir. 2024-cü ilin iyul ayının sonlarına yaxın münasibətlər pozulmuş və tələbkar hədə-qorxu gələrək, ondan 2018-ci ildən məhkəmə qətnaməsi ilə müəyyən edilən hesablanmış aliment vəsaitlərinin ödənilməsini tələb edəcəyini bildirmişdir. Borclu məhkəməyə ərizə təqdim edərək, icra vərəqəsinin verilməsini xahiş etmişdir. İcra vərəqəsi xx.xx.2024-cü il tarixində verilmiş və icra sənədi məcburi icraya yönəldilmişdir. Məhkəmə iclasında iştirak etmiş X3, onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatlarında göstərmişlər ki, nikahın pozulması formal xarakter daşımış, faktiki nikah münasibətləri borclu Gürcüstana gedəndən 1 ay sonra pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar ərizəyə etiraz edərək, təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bədəlova Əfraz Vəkil oğlu ifadəsində göstərmişdir ki, o, ərizəçinin atasıdır. 2018-ci ildə gəlini oğlundan boşanmaq üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Nikahları rəsmi olaraq pozulmasına baxmayaraq, boşanma formal xarakter daşımış, qərardan sonra oğlu və gəlini onların yaşadığı ikimərtəbəli evin 2-ci mərtəbəsində birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə gəlini evdən çıxıb getmişdir. Həmin tarixədək gəlinin və uşaqların bütün tələbatlarını oğlu qarşılamışdır. Onlar bu müddət ərzində uşaqları ilə birlikdə mehriban bir ailə kimi yaşamışlar. Onlar arasında münasibət ərizəçi Gürcüstana getdikdən sonra pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X6 ailəvi dostu və iş yoldaşıdır. 14 ildir tikintidə bir yerdə işləmişlər. Rəşadın rəsmi boşanmasından onun xəbəri olmamış, çünki Rəşad dəfələrlə həyat yoldaşı ilə birlikdə onların evində qonaq olmuşlar, həyat yoldaşları rəfiqədirlər. Onlar bir ailə kimi bütün məclislərdə bir yerdə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X14 və Tələbkar qonşusudur, bir qonşu kimi çox yaxşı münasibətləri var. Yaxşı ailə olmuşlar, bu yaxınlarda bilmişdir ki, ailə münasibətləri pozulmuşdur. Onların boşanmalarından xəbəri olmamış, çünki onları həmişə bir yerdə və bir ailə kimi görmüşdür. Tələbkar işləməmiş, hərdən qonşuya kömək etmişdir. İcraçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(005)-5168/2018 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq, X4 xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir; X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi ilə müəyyən edilən aylıq 150 manat məbləğində alimenti ödəmək iqtidarındadır. Borclu özü övladlarını və keçmiş arvadını saxladığından, onların bütün tələbatlarını 2024-cü ilin iyul ayı daxil olmaqla ödədiyindən, xx.xx.2024-cü il tarixdən hesablanan aylıq aliment vəsaitini ödəməyə hazırdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdən hesablanan aylıq 150 manat alimentin hansı hesabda ödənilməsi barədə rəsmi hesab təqdim edilməsini xahiş etmişdir; Nərimanov rayon İcra şöbəsinin X6 nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq X4 xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimenti Tələbkar xeyrinə ödəməlidir; Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5168/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə xəbərdarlıq edilmişdir; Təqdim olunmuş fotoşəkillərdən görünür ki, X3 ilə tələbkar Bədəlova X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi ilə nikaha xitam verildikdən sonra faktiki ailə münasibətlərində olmuş, uşaqları ilə birlikdə yaşamış və onlar üçün tədbirlər təşkil etmişlər. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İcra haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanununn 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Bu Qanunun 87.2-ci maddəsinə əsasən bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X3 ilə Tələbkar arasında ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış, xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi əsasında nikahın pozulması və birgə nikahdan anadan olan uşaqların onun yanında saxlanması, xx.xx.2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Tərəflər arasında nikahın pozulmasına baxmayaraq, tərəflər birgə olaraq cavabdehin qardaşına məxsus evdə yaşamağa davam etmiş və birgə təsərrüfat aparmışlar. Borclu övladlarına baxmış, uşaqlarının və tələbkarın saxlanılması üçün lazım olan bütün xərcləri qarşılamışdır. Borclu qazanc üçün Gürcüstan Respublikasına getdikdən sonra tərəflər arasında münasibətlər yenidən pisləşmiş, tələbkar məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində icraya yönəldilməsini tələb etmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 nömrəli qətnaməsi üzrə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə məcburi icraya yönəldilmişdir. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnamə qəbul edilərək xx.xx.2024-cü il tarixdə icraya yönəldikdən sonra, borclu X1 Rayon Məhkəməsinə müraciət edərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay cəmi 150 manat sabit pul məbləğində olmaqla, ümumilikdə hesablanmış 10500 manat məbləğində alimentin silinməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, münasibət bildirilməli ilkin məqam aliment borcundan azad edilmə barədə tələbə məhkəmədə iddia icraatı qaydasında baxılması mümkünlüyünün müəyyən edilməsidir. Bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcunun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Belə olduqda, iddiaçı övladları və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Hazırki iş üzrə də X3 məhkəmə qətnaməsi ilə aliment kəsilməsindən sonra barışdıqlarını və bir evdə yaşamaqla birgə təsərrüfat apardıqlarını rəhbər tutaraq, xx.xx.2018-xx.xx.2024-cü il tarixlər üçün hesablanmış 10500 manat aliment borcunun silinməsi ilə bağlı icra məmuruna müraciət etsə də, icra məmuru icra hərəkətlərinə başlamış və ərizəçidən alimentin ödənilməsini tələb etmişdir. Beləliklə, X2 icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ meydana gəlmişdir. Məhkəmə hesab edir ki, ərizəçi hesablanmış aliment məbləğinin silinməsini tələb etməkdə haqlıdır. Belə ki, valideynlik öhdəçilik, eyni zamanda məsuliyyətdir. Hər bir valideyn öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Göründüyü kimi alimentin tutulmasının mahiyyətində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla, hər iki valideynin valideynlik vəzifələrini bərabər şəkildə yerinə yetirməsi dayanır ki, uşaqları himayəsində olan tərəf bunu uşaqlarla birgə yaşayıb, onların tərbiyəsi, qulluğu, ehtiyaclarının təmini ilə bilavasitə məşğul olmaqla, digər tərəf müntəzəm olaraq yetkinlik yaşına çatanadək uşaqları üçün pul vəsaiti ödəməklə bu vəzifələrini yerinə yetirirlər. Valideyn bir evdə yaşayan zaman necə ki uşaqların maddi və mənəvi ehtiyaclarını ödəməyə özünü borclu hiss edirdisə də, boşanma halında da bu davam etməlidir. İş üzrə tərəflər arasında ailə münasibətlərinin pozulması, birgə yaşayışın qeyri-mümükünlüyü səbəbindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 nömrəli qətnaməsi ilə tərəflər arasında nikaha xitam verilməsi, uşaqların ananın himayəsində qalması, X2 üzərinə hər ay 150 manat məbləğində alimentin ödənilməsi öhdəliyi qoyulsa da, 2024-cü ilin iyul ayının sonuna kimi qətnamənin qəbuluna təkan verən amillər aradan qalxmış, tələbkar və borcu birgə yaşayaraq, övladlarının qayğısına qalmışlar. Bu zaman faktiki ailə münasibətlərinin davam etdirilərək, atanın övladları ilə birlikdə yaşaması, onların təhsili, inkişafı və digər tələbatlarının ödənilməsində bütün zəruri xərcləri çəkməsi alimentin təyinatının yerinə yetirilməsi qənaətinə gəlməyə əsas verir. Borclunun uşaqların ehtiyaclarının qarşılanması üçün xərc çəkməsi halını rəhbər tutsaq, eyni zamanda xx.xx.2018-ci il tarixdən xx.xx.2024cü il tarixədək hesablanmış 10500 manat pul vəsaitinin də tutulması valideynlərin hüquq bərabərliyi prinsipinə riayət etməməklə, borclunun bu sahədəki hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə qətnaməsi qüvvəyə mindikdən bir müddət sonra tərəflər ailə münasibətlərini davam edərək 2024-cü ilin iyul ayının sonunadək birlikdə yaşadıqlarından, həmin müddət ərzində yaranmış 10500 manat aliment borcu silinməli, ərizə təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 tərəfindən verilmiş ərizə təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5168/2018 saylı qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay cəmi 150 manat sabit pul məbləğində olmaqla, ümumilikdə hesablanmış 10500 manat məbləğində aliment silinməsi öhdəliyi Nərimanov rayon İcra şöbəsinin üzərinə qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar