Məhkəmə qərarları › İş №8(005)-456/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-456/2025

18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-456/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar, Borclu Borclu iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2223/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2223/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclular X2, Borclu və X1 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "OPEL ASTRA" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu icra məmuru tərəfindən verilmiş təqdimata etiraz edərək, onun təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2223/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdehlər X2, X3 və X1 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Borclu və digər borclulara ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclulardan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarla müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2223/2024-027 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "OPEL ASTRA" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən olan "OPEL ASTRA" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2223/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər X2, X3 və X1 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru xx.xx.2025-ci il tarixdə icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, tərəfə könüllü icra barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi icra edilmədiyindən, bununla da onun icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan "OPEL ASTRA" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2223/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan "OPEL ASTRA" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar