Məhkəmə qərarları › İş №8(005)-458/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-458/2024

09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-458/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun qərarından məhkəməyə şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 06 avqust 2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarını ləğv edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli e-2(005)-1169/2024-018 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X7 Olmayan Kredit Təşkilatı” MMC-nin cavabdeh Borclu qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsinə baxılaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1169/2024 saylı 21 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 307.09 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1169/2024 saylı, 21 fevral 2024-cü il tarixli qətnaməsi icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun 06 avqust 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun 06 avqust 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X2 06 avqust 2024-cü il tarixli qanunsuz və əsassız qərarı ilə icra sənədi icra olunmadan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X2 06 avqust 2024-cü il tarixli qərarına əlavə olunmuş aktda göstərilir ki, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmurları Əliyev Azər, Qurbanlı Qasım, Həsənov Elvin və Şirinov Vüsal, Borclu icra sənədində qeyd olunan ünvanında olmuşlar və onlar ünvanda olarkən borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. İcra məmuru tərtib etdiyi bu akta əsaslanaraq qeyd olunan icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Borclunun qeyd olunan ünvanda aşkar olunmaması onun orada yaşamamasına əsas yarada bilməz. Həqiqətən də, Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Əliyev Azər, Qurbanlı Qasım, Həsənov Elvin və Şirinov Vüsal oğlunun tərtib etdiyi akta əsasən borclunun qeydiyyat ünvanında olmuşdurlarsa, o zaman həmin akta hər hansısa bir qonşunun və ya bələdiyyə (icra) nümayəndəsinin, sahə müvəkkilinin iştirakı niyə təmin edilməmişdir? Yuxarıda qeyd etdikləri bu sual Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmurları Əliyev Azər, Qurbanlı Qasım, Həsənov Elvin və X2 Borclu icra sənədində qeyd olunan qeydiyyat ünvanında olmalarına əsaslı şübhələr yaradır. Bundan əlavə icra məmuru icra sənədinin icrası üçün icra haqqında qanunla nəzərdə tutulmuş bir çox icra hərəkətlərini etməmiş, tərtib etdiyi akta əsasən yalnız borclunun ünvanında olması və borclunun ünvanda aşkar edilməməsi ilə öz vəzifə borcunu tam şəkildə yerinə yetirdiyini düşünərək əsassız olaraq yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 şikayət ərizəsinin məzmnuna müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1169/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə 28 mart 2023-cü il tarixli 172/SM-23 saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu 306,47 manat əsas borc, 0,62 manat faiz borcu olmaqla, ümumilikdə 307,09 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; - İcra sənədinin qaytarılması haqqında xx.xx.2024 il tarixli qərarın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra sənədində göstərilən qeydiyyat ünvanında olublar. Ünvanda olan zaman borclunu həmin ünvanda tapmaq mümkün olmadı və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra Sistemi”ndən çıxarışına əsasən onun adına daşınar və ya daşınmaz əmlakların olmadığı, işləmədiyi müəyyən olunmuşdur. İcra sənədinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır; - Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Əliyev Azər, Qurbanlı Qasım, Həsənov Elvin, və Şirinov Vüsal Borclu imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, onlar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1169/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, Borclu icra sənədində qeyd edilən ünvan 1 ünvanda borcluya məxsus tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.1 və 23.7-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin qaytarılması yalnız qanunvericiliklə sadalanmış hallarda, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra məmuru sadəcə ünvana baxış keçirməklə kifayətlənərək borclunun adına heç bir əmlak olmadığına əsaslanmaqla icra sənədini qaytarmışdır. Halbuki iş materialları ilə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (borclunun və ya onun əmlakının axtarışı və s. zəruri icra hərəkətlərinin) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin onu verən məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23, 26-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1169/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar