Məhkəmə qərarları › İş №8(005)-469/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-469/2024

01.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-469/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclular - ərizəçilər X9 və X2, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1873/2024 saylı icra sənədi üzrə X1 və X2 icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və X4 ərizə ilə məhkəməyə müraciət edərək, e270274/2024-15-5 saylı icra işi üzrə icra sənədinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar onlara qarşı 18 000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanındakı evdən xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2022-ci ildə doğulmuş övladları X7 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılması, əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılmaqları barədə barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1873/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar tərəfindən 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdeh X6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, xx.xx.2022-ci il təvəllüdlü övladları X7 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaqları, 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməsi və X6 istifadə hüququna xitam verilməsi, xx.xx.2022-ci il təvəllüdlü övladları X7 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaqları ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış iş üzrə 2(102)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla kassasiya şikayət təmin edilməmiş, Bakı Apcllyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1873/2024 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. e270274/2024-15-5 saylı icra işi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun icraatındadır. Lakin məhkəmə qərarlarından narazı qaldıqlarından hazırda AR Konstitusiya Məhkəməsinə şikayət verirlər. Bu isə müəyyən vaxt tələb edir. Odur ki, hazırda icra sənədinin icrasına möhlət verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən borclu - ərizəçi X9 ərizəyə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu - ərizəçi X4 ərizəyə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X10 ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri və icra məmurunu dinləyərək, e270274/2024-15-5-001 saylı icra işi materiallarını, ərizə və ona əlavə edilmiş sənədlər ilə birlikdə tədqiq edərək hesab edir ki, X1 və X2 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş sənədlərlə, habelə e270274/2024-15-5-001 saylı icra işi materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1873/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən cavabdehlər Asif Cəfərova və Firuzə Cəfərovaya 18.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdeh Asif Cəfərovun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə xx.xx.2022-ci il təvəllüdlü övladları Dilarə Cəfərzadə ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlər Asif Cəfərova və Firuzə Cəfərovaya 18.000 manat məbləğində kompensasiya ödənilməsi və Asif Cəfərovun istifadə hüququna xitam verilməsi, onların xx.xx.2022-ci il təvəllüdlü övladları Dilarə Cəfərzadə ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalarının eyni vaxtda icra edilməsi qət olunmuşdur. Qeyd olunan icra vərəqəsi 05 sentyabr 2024-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Tələbkar tərəfindən cavabdehlərə ödənilməli olan 18000 manat kompensasiya məbləği xx.xx.2024-cü il tarixdə X3 - depozit hesaba köçürülmüşdür. Hazırki ərizənin məzmunundan görünür ki, borclular məhkəmə qərarlarından narazı qaldıqları üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verəcəklərini bildirərək bu səbəbdən icra sənədinin icrasına möhlət verilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, borcluların hal-hazırda ərizədə qeyd etdiyi bu hal icra sənədinin icrasına möhlət verilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda göstərilən normalara uyğun olaraq məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Bu hal isə tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: -17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; -19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: -19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək. Göründüyü kimi, ərizənin məqsədi borcluların maddi vəziyyəti, onlar üçün yaranmış hər hansı bir əlverişsiz hal və s. səbəbindən icra sənədinin icrasına möhlət verilməsi deyildir. İcra sənədinin icrası üçün ciddi maneə və ya çətinlik müəyyən olunmamışdır. İcra sənədinin icrasına möhlət verilməsi tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Borclular tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi, bunun üçün müəyyən vaxt tələb olunması isə icra sənədinin icrasına möhlət verilməsi üçün əsas deyildir. Qanunvericiliyə əsasən (İcra haqqında Qanun m. 17.1.8), məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi, həmin şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduğu halda icra sənədi üzrə icraatın məcburi dayandırılmasına əsas ola bilər. Bu halda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək icraat dayandırılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borcluların hal-hazırda ərizədə qeyd etdiyi hal icra sənədinin icrasına möhlət verilməsi üçün əsas olmadığından, habelə qətnamənin icrasına möhlət verilməsi üçün hər hansı bir müstəsna hal müəyyən edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1873/2024 saylı icra sənədi üzrə X1 və X4 tərəfindən verilmiş “icra sənədinin icrasına möhlət verilməsinə dair” ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1873/2024 saylı icra sənədi üzrə X1 və X4 tərəfindən verilmiş “icra sənədinin icrasına möhlət verilməsinə dair” ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar