Məhkəmə qərarları › İş №8(005)-476/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-476/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-476/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin qərarından məhkəməyə şikayət verərək, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-ci il tarixli qərarının ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-23 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X7 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1166/2023-023 nömrəli xx.xx.2023-cü il tarixli ica sənədini nəzərdən keçirib, icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərarla Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsi ərazi aidiyyəti üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Qəbələ Rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qərardadın surəti poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə tələbkarın ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-23 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 65 saylı mənzil iddiaçı X4 təhvil verilməlidir. Məhkəmə qətnaməsi icra olunması üçün Nərimanov Rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru Azər Əliyevin icraatına verilmişdir. İcra məmurunun heç bir icra hərəkəti aparmadan, tələbkarın izahatını almadan və qətnamədə qeyd olunan ünvan üzrə deyil, icra işini Qəbələ Rayon İcra şöbəsinə göndərməsi qanunsuz və əsassız hesab edilməldir. Mübahisəli yaşayış evinin ünvanı Abşeron rayonunda yerləşir və məhkəməyə müraciət edərkən hüquqi ünvanı Nərimanov rayonu olmuşdur. Cavabdehin hüquqi ünvanının dəyişməsi icra hərəkətlərinə maneə yaratması və ya Qəbələ Rayon icra şöbəsinə göndərilməsi əsaslarından biri ola bilməzdi. Belə olan halda icra şöbəsi icra hərəkətlərinin aparılması üçün icra işin Qəbələ Rayonuna deyil, əmlakın yerləşdiyi yer üzrə Abşeron Rayon İcra şöbəsinə göndərməli idi. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, borcluya qarşı mənzillərin təhvil verilməsi ilə bağlı ayrı-ayrılıqda 4 iddia tələbləri olmuşdur. Həmin iddia ərizələri üzrə qəbul edilmiş qətnamələr icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Yalnız hazırki iş icra edilməsi üçün Qəbələ Rayon İcra Şöbəsinə göndərilmişdir. Bu isə həmin qətnamənin icra edilməsinə süni maneə yaradaraq onun icra edilməsini əsassız olaraq uzadacaqdır. Belə ki cavabdeh bilərəkdən məhkəmə prosesi bitdikdən sonra hüquqi ünvanını dəyişmişdir. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilin iddiaçı X4 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş çıxarışda, borclu hüquqi şəxs Cavabdeh MMC-nin Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olduğu göstərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1166/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqinin ərazi aidiyyəti üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Qəbələ rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 28 və 29.2-ci maddələrinə uyğun olaraq, icraatda tərəflər tələbkar və borcludur. Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Eyni Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun icra hərəkətlərinin həyata keçirildiyi yeri müəyyən edən 10cu maddəsinə əsasən, borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Qeyd olunmalıdır ki, hüquqi şəxsin icra etməli olduğu icra sənədi, xüsusilə əmlakın təhvil verilməsi ilə bağlı icra sənədi ilk növbədə hüquqi şəxsin əmlakının olduğu, yaxud tələbin yönəldilə biləcəyi əmlakın olduğu yer üzrə icra edilməlidir. Bu mümkün olmadıqda borclunun əmlakının mövcud olmaması ilə bağlı akt tərtib edilməli və icra sənədi hüquqi şəxsin olduğu yer üzrə göndərilməlidir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına icra sənədini vermiş məhkəmə tərəfindən nəzarət edilir. İcra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi məhz həmin icra sənədinin göndəriləcəyi ərazidə icra edilməsi üçün kifayət qədər əsaslar olduqda həyata keçirilməli və məhkəmə aktının icrasını çətinləşdirməməlidir. Hazırki işin araşdırılması zamanı isə müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-23 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 65 saylı mənzil iddiaçı X4 təhvil verilməlidir. Qeyd edilən daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq, icra məmuru icra sənədini icra edilməsi üçün cavabdeh MMC-nin hüquqi ünvanın yerləşdiyi yer üzrə (icra mərhələsində hüquqi ünvanı dəyişmişdir) Qəbələ rayonuna göndərmişdir. Halbuki icra sənədinin icra edilməsi üçün ilk növbədə əmlakın yerləşdiyi rayonun icra şöbəsinə göndərilməsi daha ağlabatan və səmərəli olmaqla, məhkəmə aktının tez bir zaman ərzində icra edilməsinə şərait yaratmış olardı. Beləliklə, məhkəmə qeyd olunanları, tələbkarın dövlət tərəfindən tanınan və qorunan hüquqlarının müdafiəsinin, məhkəmə aktlarının vaxtında icra edilməsinin zəruriliyini, prosessual qənaət prinsipini rəhbər tutaraq hesab edir ki, ərizəçinin icra məmurunun qərarından verdiyi şikayətin dəlilləri əsaslı olduğundan və icra məmurunun müvafiq qərarı mütənasiblik, ağlabatanlıq prinsipinin tələbləri pozulmaqla çıxarıldığından şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(005)-1166/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Nərimanov Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1166/2023-23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar