Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-477/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes C 240” markalı, **-RF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, həmçinin həmin uşaqların 3 yaşına çatanadək anasının saxlanması üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən ona ödənilməli alimentin tam şəkildə ödənilmədiyini, istədiyi məbləğdə aliment ödəməklə özünü haqlı hesab etdiyini, 2 uşağa görə ayda 220 manat aliment ödənilməsinə etiraz etdiyini, xx.xx.2022-ci il tarixə 710 manat məbləğində aliment borcunun yarandığını, borcun tam şəkildə ödənilməsini təmin etmək məqsədilə borclu barəsində zəruri icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Mercedes C 240 minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Borclu nümayəndəsi X2 bildirmişdir ki, Borclu onun oğludur. Oğlu ilə gəlini arasında münasibətlər pozulmuş və sonuncu aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə Borclu ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bundan başqa məhkəmə qətnaməsi onlara xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə gəlmişdir. İcra məmuru alimentin ödənilməsi barədə ona iyun ayında məlumat vermiş və bir ay ərzində 600 manatdan çox ödəniş edilmişdir. Oğlu heç yerdə işləmir və təzəlikcə satıcı kimi işə düzləmiş, əmək haqqı isə 300 manat təşkil edir. Alimentin ödənilməsində oğluna köməklik edir və ödəməkdən boyun qaçırmırlar. Bundan başqa təqdimatda qeyd edilən nəqliyyat vasitəsi ipoteka predmeti olmuş və məhkəmə qətnaməsi ilə borc ipoteka predmetinə yönəldilmişdir. Hazırda nəqliyyat vasitəsi oğlunun adına görsənsə də, əslində həmin avtomobil məhv edilmiş və ya digər hər hansı bir yolla sıradan çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarına uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsində Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, həmçinin həmin uşaqların 3 yaşına çatanadək anasının saxlanması üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu adına 1998-ci il buraxılış ili olan “Mercedes C 240 minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Sosial arayış barədə çıxarışın surətindən görünür ki, Borclu xx.xx.2022-ci il tarixdən satıcı vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2022-ci il tarixli qərarına əsasən başlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-713/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə Borclu "xxxx" ASC-yə olan 13100,73 (on üç min yüz dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borcunun girov müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Mercedes C 240 minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, onun açıq hərracda satılması və əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli qərardadının surətindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-713/2009 saylı mülki iş üzrə ipoteka predmetinin məhv olmuş hesab edilməsini, ipoteka saxlayanın ipoteka hüquqlarına xitam verilməsi və qətnamənin icra üsulunun dəyişdirilərək, tələbin borclunun digər gəlirlərinə və əmlaklarına yönəldilməsini xahiş etmiş, ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-123/12 saylı, xx.xx.2012-ci il tarixli qərardadının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 8(005)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli qərardadı qüvvədə saxlanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1 və 45.2-ci maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Adıçəkilən Qanunun 45.3 və 45.6-cı maddələrinə uyğun olaraq, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən isə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes C 240 minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş və borc tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin ipoteka predmetinə yönəldilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, təqdimatda qeyd edilən avtomobilin üzərinə həbs qoyulması hazırki təqdimatın əsası olan icra sənədinin icrasına təsir etməyərək, daha əvvəl qəbul edilmiş digər məhkəmə qərarının icraya yönəldilməsində müəyyən çətinliklər yarada bilər. “İcra haqqında” haqqında Qanunun 50.4-cü maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: - tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; - borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Göründüyü kimi, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulur. Hazırki iş üzrə isə “tələbkara verilməsi və ya satılması nəzərdə tutulan” əmlaka yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tələb yönəldildiyindən və həmin əmlakın açıq hərracdan satılması qət edildiyindən təqtimatın təmin edilməsi üçün əsas müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında borclunun nümayəndəsi tərəfindən verilmiş izahatlara, izahatların digər sübutlarla yanaşı qiymətləndirilməsinə əsaslanaraq, eləcə də icra üzrə icraata xx.xx.2022-ci il tarixində başlanıldığını, həmin dövrdən borcun xeyli hissəsinin ödənildiyini və icra sənədi üzrə müvafiq ödənişlərin həyata keçirilməsinin davam etdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə təqdimatın təmin edilməsi zərurəti aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes C 240” markalı, **-RF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes C 240” markalı, **-RF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-477/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-477/2022
02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver