Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-481/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamin Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2022/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1964-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar Məhəmməd oğlunun xeyrinə cəmi 580977 pul tutularaq ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmiş, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surəti Borclu göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən borclunun adına daşınar və daşınmaz əmlakların olmadığı müəyyən edilmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir ki tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata tələbkar, borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə borclunun izahatını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu Tələbkar Məhəmməd oğlunun xeyrinə 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat tutulmalıdır və məcburi icraya yönəldilməlidir; Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə Borclu bildiriş göndərilmiş və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qanunvericiliyin mənasına görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinə daxildir:. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü maddəsinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarının mövqeyinə əsasən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər”. Bununla belə, iş materiallarından, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, əvvəla, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər barədə məlumatları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu izah etməmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədi könüllü icra edilmədiyi hallarda məcburi icra tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin həmin Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərindən hər hansı birinin icra məmuru tərəfindən məhkəməyə hazırki təqdimatla müraciət etməmişdən əvvəl tətbiq edilməsini təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, borclunun rəsmi iş yerinin, ona məxsus hər hansı daşınmaz əmlakın olub-olmaması məsələsi və s. kifayət qədər araşdırılmamışdır. Eyni zamanda icra məmuru tərəfindən bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini, həmçinin borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsini əsaslandıran dəllilər məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə tərəfindən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbirinin tətbiq edilməsinə dair təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl icra sənədi üzrə icranın təmin edilməsi üçün qanunvericiliklə icra məmuruna verilən səlahiyyətlərdən tam istifadə etmədiyi müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektronkabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-481/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-481/2023
04.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver