Məhkəmə qərarları › İş №8(005)-486/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-486/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-486/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məkhəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə cavabdeh Borclu 22000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borcluya şifahi xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin şifahi xəbərdarlığa hər hansı münasibət bildirilməmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 22000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir; xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarının mövqeyinə əsasən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər”. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədi könüllü icra edilmədiyi hallarda məcburi icra tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin həmin Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərindən hər hansı birinin icra məmuru tərəfindən məhkəməyə hazırki təqdimatla müraciət etməmişdən əvvəl tətbiq edilməsini təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, borclunun rəsmi iş yerinin, ona məxsus hər-hansı daşınmaz əmlakın olub-olmaması məsələsi və s. kifayət qədər araşdırılmamışdır. Beləliklə məhkəmə tərəfindən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbirinin tətbiq edilməsinə dair təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl icra sənədi üzrə icranın təmin edilməsi üçün qanunvericiliklə icra məmuruna verilən səlahiyyətlərdən tam istifadə etmədiyi müəyyən edilmişdir. Eyni zamanda icra məmuru tərəfindən bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini, həmçinin borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsini əsaslandıran dəllilər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar