Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-489/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X4 qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-242/2021 nömrəli qətnaməsində göstərilən məbləğin hissə-hissə ödənilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(005)-242/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi, yəni ayda 100 (bir yüz) manat müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin İcra məmuru X11 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-242/2021-026 saylı, 22 fevral 2022-ci il tarixli icra sənədinə baxaraq həmin tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bildirir ki, İsmayıllı rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Himayəsində İ qrup əlil olan qızı X12 vardır. Özü "xxxx" MMC-də işləyir və 350 manat əmək haqqı alır. Ailədə bir nəfərin yaşayış meyarı 300 man : 2 nəf. = 600 man. Olması faktdır, bu isə 2022-ci ilin yaşayış minimumdan qat-qat aşağıdır. Yəni aztəminatlı ailə kimi, yaxın qohumlarının köməkliyi ilə çətinliklə keçinirlər. Bu səbəbdən, yəni maddi durumu aşağı və çətin olduğu üçün yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-242/2021 saylı qətnaməsindəki ödənişini birdəfəlik və ya qısa müddətə ödəməyi qeyri-mümkündür. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021 -ci il tarixdə qəbul etdiyi № 2(005)242/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Tələbkar- X10 məhkəmə iclasında ərizəyə etiraz verərək bildirmişdir ki, ərizənin təmin edilməsinə etiraz edir. Belə ki, cavabdehin ona 38550 manat məbləğində borcu vardır. Həmin məbləğdə borcun ayda 100 manat məbləğində ödənilməsi ağlabatan deyil. Borclu və Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə borclu şəxsin və icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-242/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X3 38.550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı X7 ödənilməsi, qalan hissədə və cavabdeh X8 münasibətdə iddia təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-242/2021 nömrəli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 100 manat olmaqla hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-242/2021 icra vərəqəsi üzrə ödəniləcək məbləğin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-489/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-489/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver