Məhkəmə qərarları › İş №8(005)-491/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-491/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-491/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-122/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-122/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədə qeyd edilmiş 3889,04 manat borcun, 58,89 manat dövlət rüsumunun və 100 manat məbləğində ekspertiza xərcinin onun tərəfindən hissə-hissə ayda 200 manat olmaqla ödənilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin qəbul etdiyi e-2(005)-122/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən «iddia tələbi qismən təmin edilmiş, X25.11.2018- ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 76,68 (yetmiş altı manat altımş səkkiz qəpik) AZN əsas; 0 AZN faiz; xx.xx.2018- ci il tarixli 109GTK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 (üç min doxsan iki manat 58 qəpik) AZN əsas; 719,78 (yeddi yüz on doqquz manat 78 qəpik) AZN faiz borcu olmaqla cəmi 3889,04 (üç min səkkiz yüz səksən manat dörd qəpik) AZN borc və 58,89 (əlli səkkiz manat səksən doqquz qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı TələbkarASC-nin xeyrinə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, cavabdeh X3 100(yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir». Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişi ilə qeyd etdiyim qətnamənin 10 gün müddətində icra edilməsi xahiş edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirir ki, özü uzun müddət Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olmuş, işlədiyi dövrcə 2-ci qrup əlil olmuş və bununla əlaqədar işdən azad edilmişdir. 2-ci qrup əlilliyi ilə əlaqədar bir neçə il pensiya almış, lakin hazırda pensiyasını kəsmişlər. Bununla əlaqədar hazırda aidiyyəti orqanlara müraciət edir ki, pensiyasını bərpa etsinlər. Bundan əlavə himayəsində 3 övladı var, onlardan ikinsi ali məktəbdə, biri isə orta məktəbdə təhsil alırlar. Eyni zamanda yaşlı anası da öz himayəsindədir. Bütün bunlara görə hazırda maddi vəziyyəti ağırdır və qətnamədə qeyd edilmiş 3889,04 AZN borcu, 58,89 AZN dövlət rüsumunu və 100 manat məbləğində ekspertiza xərcini birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Tələbkar ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsində bildirilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X1ndan Tələbkar ASC-nin xeyrinə ümumilikdə 3889.04 manat məbləğində kredit borcu və 58.89 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər borc ödənilməmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar borclunun hissəhissə ödənilmə ilə bağlı ərizəsinə etiraz edir. Belə ki, bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcu ödəyəcəyini bildirsə də, borc bu günədək tam şəkildə ödənilməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi icra sənədinin icrasını ləngitmək məqsədi daşıyır. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilsə də, borclu, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, borcun hissə-hissə ödənilməsi barədə X1nun ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-122/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1ndan 3889,04 manat məbləğində pul vəsaiti və 58,89 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə, 100 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmışdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 004179 saylı vəsiqənin surətindən görünür ki, X5 ikinci qrup əlilliyə görə xx.xx.2021-ci il tarixədək 433,73 manat pensiya müəyyən edilmişdir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, icra sənədinin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olduğundan onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə borclunun dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, qeyd olunan məhkəmə qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bununla belə, borclu icra sənədi üzrə icraata başlanılmasından xeyli müddət ötməsinə baxmayaraq, icra sənədi üzrə ödənişlər etməmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi, ərizəçi tərəfindən əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan isə görünür ki, borclunun adına iki daşınmaz əmlak və iki nəqliyyat vasitəsi qeydə alınmışdır. Həmçinin borclu xx.xx.2019-cu il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə (VÖEN: **********) malik olan, hüquqi şəxs yaratmadan əmlakların açıq hərracda satılması ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 122/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən məbləğlə hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkar borcun hissə-hissə ona ödənilməsinə razı olmadığından hazırki ərizə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-122/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar