Məhkəmə qərarları › İş №8(005)-491/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-491/2025

09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-491/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, Borclu "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, Borclu "xxxx" MTK-nın Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MTK-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnaməsinin 12 ay müddətində hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnamə ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini qismən təmin etmiş, cavabdehdən 36430,5 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1493/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə üzrə xx.xx.2024-cü ildə icra vərəqəsi verilmiş, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru C.Əliyev tərəfindən icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən 2016-cı il tarixdə tikinti işlərinə başlanılmış və 2021-ci ildə tam yekunlaşmış, tələbkara da müvafiq olaraq müqavilə əsasında qeyriyaşayış sahəsi verilmişdir. Ümumi qəbul olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri çöl divarın ortasından hesablanmasına baxmayaraq, məhkəmə tərəfindən ancaq daxili sahə hesablanması ilə bağlı ekspertiza rəyi nəzərə alınmışdır. Ona görə belə bir borc yaranmışdır. Balansda hazırda hər hansı əmlak qalmamışdır, ona görə də icra sənədinin yalnız hissə-hissə icra edilməsi mümkündür. Məhkəmə iclasında iştirak edən borclu "xxxx" MTK-nın nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müəssisənin balansında heç bir əmlak mövcud deyildir, bu tipli digər işlər üzrə ödənişlər də kommunal xərclərdən toplanmış vəsait hesabına həyata keçirilir. 2021-ci ildə binalar təhvil verilmişdir və hazırda tikinti işləri aparılmır. İcra sənədi verilən kimi məhkəməyə müraciət etmişdir. Mümkün qədər qətnamənin 12 ay müddətinə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 36430,5 manat vəsaitin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1493/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 36430,5 manat vəsait tutularaq Tələbkar ödənilməlidir; - Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 42/2022 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qeyd edilməlidir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bu baxımdan, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, borclunun qətnaməni hissə-hissə icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Əgər qətnamənin icrası üçün borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri yoxdursa, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər nəticə verməmişdirsə, borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamə hissə-hissə icra oluna bilməz. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, müddət müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq qaydada nəzərə alınmalı, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləği və ya miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən ağlabatanlılıq və ədalətlilik meyarları rəhbər tutulmalı, qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalına və həmin hissələrin icra müddətinin həddən artıq çox olmamasına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsini xahiş edən şəxsin təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı, məhkəmə aktının real icrasını təmin etməli və tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Hazırki iş üzrə qətnamənin icra üsulunun dəyişdirilməsi üçün müstəsna hal ondan ibarətdir ki, borclu MTK faktiki fəaliyyət göstərmir və hazırda müəssisənin balansında ödənişləri həyata keçirə bilmək üçün kifayət qədər əmlak mövcud deyildir. O da qeyd edilməlidir ki, məhkəmə qətnaməsi bir tərəfin hüquqlarını təmin edərkən, digər tərəfin icranı mümkünsüz hala gətirəcək qədər çətin vəziyyətdə qalmasına gətirib çıxarmamalıdır. Hazırki işdə borclunun maddi vəziyyətinin aşağı olması ilə əlaqədar təklif etdiyi icra üsulu Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnaməsi ilə ödənilməli olan 36430,5 manat vəsaitin həcminə nisbətdə qismən ağlabatandır. Qeyd olunmalıdır ki, 12 aylıq hissə-hissə icra müddəti ödənişlərin həyata keçirilməsi üçün uzun bir dövrü əhatə etməklə həm qətnamənin real icrasına, həm də tələbkarın hüquqlarının təmin olunmasına məhdudiyyətlər yaradır. Bu səbəbdən borclunun ərizəsinin qismən təmin edilərək, icra üsulunun 6 ay müddətində hissə-hissə ödənişlər şəklində müəyyənləşdirilməsi məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4 və 3.5-ci maddələrinə görə, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Beləliklə, məhkəmə borclunun ərizəsində göstərdiyi dəlilləri nəzərə alaraq, ağlabatanlıq və mütənasiblik prinsiplərini əsas götürərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 42/2022 saylı qətnaməsi ilə ödənilməli olan borcun 6 ay müddətində hissə-hissə icra edilməsi müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-42/2022 saylı qətnaməsi 6 ay müddətində hissə-hissə icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar