Məhkəmə qərarları › İş №8(005)-517/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-517/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-517/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1, Borclu iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 512 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq Borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, borclu 7 avqust 2023-cü il tarixində 150 manat, 10 noyabr 2023-cü il tarixində 50 manat ödəniş etmişdir. Borcu hissə-hissə ödəməsinə etiraz etmir. Təqdimatın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən borclu cavabdeh Borclu bildirmişdir ki, o, icra məmurunun və icra şöbəsinin rəis müavininin qəbulunda olub. İcra məmurunun çağırışından, zənglərindən heç vaxt yayınmayıb. Cəmi 1 dəfə onu şöbəyə çağırıblar. Borcu tam ödəyə bilmir. İlk ödənişi avqustda, digərini 2 gün öncə edib. İcra məmuruna da bildirib ki, borcu hissə-hissə ödəyəcək. Hazırda işləmir, telefonu isə başqası üçün götürüb, həmin şəxsin əvəzinə ödəyir. İcra məmuruna məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfləri dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsas olmadığından təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 178 manat, cərimə borcuna görə 17 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 288,8 manat, cərimə borcuna görə 28,2 manat olmaqla, ümumilikdə 512 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanmışdır. Borclunun məcburi gətirilməsi haqqında Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, Borclu “Kontakt Home” adlı hesaba xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi məcburi gətirilmənin tətbiq edilməsi üçün borclunun ilk öncə icra məmurunun çağırışına və ya icra hərəkətlərinin aparıldığı yerə gəlməkdən boyun qaçırması əsası olmalı, boyun qaçırdığı halda isə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı tərəflərə göndərilməlidir. Belə ki, qanunverici icra məmurunun həmin qərarından borclunun şikayət vermək hüququnu müəyyən etmişdir. Lakin hazırki iş materiallarından görünür ki, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar əlavə edilmiş olsa da, onun borcluya göndərilməsini, həmçinin borclunun icra şöbəsinə gəlməkdən boyun qaçırmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar