Məhkəmə qərarları › İş №8(005)-517/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-517/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-517/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclu X4 iştirakı ilə X1, X9 və X10 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1, X9 və X10 ərizə ilə məhkəməyə müraciət edərək, ağır maddi vəziyyətləri nəzərə alınaraq qətnamənin icrasını dəyişdirərək borcun müştərək 150 (bir yüz əlli) manat hissəhissə icra ediməsinə dair Qərardad çıxarılmasını xahiş etmişdir. Borclular ərizəni onunla əsaslandırmışdırlar ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin icraatında (Hakim-Sabinə Nuriyeva) iddiaçı X2 Cavabdehlər X8, X5 və X6 qarşı olan iddia Ərizəsi üzrə 2(005) 2223/2024 saylı mülki iş vardır. İş üzrə məhkəmənin qətnaməsinə əsasən iddiaçı Tələbkar bizə qarşı "borc tələbinə dair" 6850 (altı min səkkiz yüz əlli) manat borcun və İddia Ərizəsinə görə ödənilmiş 89 (səksən doqquz) manat cövlət rüsumunu müştərək qaydada tutulması qət edilmişdir. Məhkəməyə bildirir ki, hazırki vaxta maddi imkanılarının yaxşı olmaması, atalarının rəhmətə getməsini, yeganə evə pul gətirdiklərini, heç bir yerdən əlavə qazancın olmadığını, digər yerlərə ödənişlərinin olması və başqa problemlərin ortaya çıxması səbəbindən ödəmə qabiliyyətinin zəif olmasından və məhkəmə olmasından və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığı üçün göstərilənləri nəzərə alaraq qətnamənin hissə hissə icra edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən borclu X9 ərizəni müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında telefon vasitəsilə əlaqə yaradılan zaman tələbkar X7 bildirmişdir ki, hissə-hissə icra barədə ərizə ilə razı deyildir, ona təcili pul lazımdır. Bu barədə eyni tarixli telefonoqram tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq digər borclular - ərizəçilər, tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, borcluların Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər X11, X9 və X3 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissəhissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Belə ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna haldır və onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Tələbkar X7 qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəyə etiraz etmişdir. Məhkəmə qeyd edir ki, icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən qaydada müştərək olaraq 150 manat məbləğində hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, hazırda borclularnun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borcluların hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir (ərizəyə yalnız məhkəmə qətnaməsi əlavə olunmuşdur). Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla X1, X9 və X10 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1, X9 və X10 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar