Məhkəmə qərarları › İş №8(005)-522/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-522/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-522/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin 3/10 hissəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 11210,15 manat məbləğində pul vəsaiti və 123,83 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir, icraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. “Elektron İcra” İnformasiya sistemindən çıxarılmış məlumata əsasən, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin 3/10 hissəsi Borclu mülkiyətindədir. Tələbkar, icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən qətnamə ilə cavabdeh Borclu əsas borca görə 10914,82 manat, faiz borcuna görə 276,45 manat, cərimə borcuna görə 18,88 manat olmaqla, cəmi 11210,15 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 123,83 manat pulun tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışın surətindən görünür ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus daşınmaz əşyanın mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin Borclu məxsus hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2073/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin Borclu məxsus hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar